RİİB könüllüləri üçün “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda təlim keçirildi
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20-21 noyabr 2021-ci il tarixlərində keçiriləcək “Uşaq hüquqları” hakatonu çərçivəsində RİİB-in könüllüləri üçün “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda 9-10 oktyabr tarixlərində təlim təşkil edilib.
Müxtəlif regionlardan qoşulan 20 nəfər könüllünün iştirakı ilə keçirilən təlimlər Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə tərəfindən aparılıb.
Təlimlərdə uşaq hüquqlarının müdafiəsi və inkişaf tarixi, Azərbaycanda uşaq hüquqlarının qorunmasında qanunvericilik və beynəlxalq əməkdaşlıq, BMT-nin “Uşaq hüquqları” Konvensiyasının təşviqi, uşaq iştirakçılığı, erkən uşaqlıq dövrünün inkişafı, uşaqların zərərli informasiyadan qorunması, hüquqların pozulması hallarının qarşısının alınması (zorakılıq, uşaq əməyinin istismarı, erkən nikah, müharibənin mənfi təsiri, ayrı-seçkilik və s), valideynlik vəzifələri, eyni zamanda valideyn qayğısından məhrum olmuş uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar və digər mövzularda təqdimatlarla çıxış edilib, interaktiv və maarifləndirici oyunlar təşkil edilib.
Hər bir könüllünün qrup işlərində və müzakirələrdə aktiv iştirakı təmin edilib.
Sonda könüllülərə sertifikatlar təqdim edilib.