1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim- mənim hüquqlarım” adlı dəyirmi masa keçirildi

1 июня 2021

Поделиться:

1 iyun 2021-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim- mənim hüquqlarım” adlı dəyirmi masa keçirilib.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə əməkdaşlığı çərçivəsində cari ilin noyabr ayında reallaşdırılması planlaşdırılan Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun  işinə start vermək məqsədilə keçirilib.

Dəyirmi masada Uşaq Səfirlər Məclisinin üzvləri iştirak edib, o cümlədən respublikanın 76 rayonunu təmsil edən, il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar karantin rejiminin qaydalarına uyğun olaraq onlayn şəkildə qoşulublar.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun münasibətilə iştirakçıları təbrik edərək bütün uşaqlara təhlükəsiz həyat və xoş gələcək arzulayıb. Artıq neçə ildir ki, bütün dünyanın bu günü uşaqların hüquqlarının müdafiəsi günü kimi qeyd etdiyini deyən Komitə sədri bu günün nailiyyətləri üzərindən gələcəyi qurmalı olan uşaqların hüquqları, hüquqlarının əlçatanlığı və onların effektiv qorunması mexanizmlərinin təmin olunmasının həm beynəlxalq, həm də milli səviyyədə üzərimizə götürdüyümüz əsas vəzifə və hədəflərdən biri olduğunu diqqətə çatdırıb: “Uşaqların mənafelərinin üstünlüyü qoruyaraq həyatı onların iştirakı, təmsilçiliyi ilə qurmalı və inkişaf etdirməliyik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə ciddi qayğısı və diqqəti nəticəsində Azərbaycan uşaq siyasətinin əsas prioritet istiqamətlərindən biri olan həssas təbəqəyə aid uşaqlara qayğı eyni zamanda müvafiq orqanların da daim diqqət mərkəzində olmalı, qanunlar onların həyatını daha da rahatlaşdırmağa yönəlməlidir”. Bundan əlavə noyabr ayında reallaşdırılması planlaşdırılan Forum çərçivəsində həyata keçiriləcək layihələrdən bəhs edən Bahar Muradova görüləcək işlərin uşaqların hüquqlarının müdafiəsinə töhfə olacağına inamını ifadə edib.

Tədbirin davamında çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edavrd Karvardin belə bir əlamətdar gündə Uşaq Səfirlər Məclisinin üzvləri ilə birlikdə olmaqdan şad olduğunu bildirib. Ötən ilin uşaqlar üçün çətin bir il olmasına baxmayaraq onların bu sınaqlardan bacarıqla çıxa bildiklərini vurğulayan E.Karvardin artıq nəzərlərimizi gələcəyə kökləyərək pandemiyanın doğurduğu yeni şərtləri nəzərə alaraq uşaqların hüquqlarının qorunması, onlar üçün yeni imkanların yaradılması  istiqamətində işlər görülməsinin önəmini diqqətə çatdırıb. Keçən ildə Azərbaycanda baş verən çox önəmli tarixi hadisələri vurğulayan  UNİCEF  rəsmisi qurulacaq icmalarda, reallaşdırılacaq layihələr çərçivəsində uşaqlara daha pozitiv gələcək qazandırmaq üçün yeni imkanlar qazandırdığını qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Leyla Tağıyeva  iştirakçıları təbrik edərək uşaq hüquqlarının təmin olunmasının ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərtərəfli dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların hüquqlarının qorunması və onların müdafiəsi sahəsində çoxsaylı fəaliyyətlərin həyata keçirildiyini qeyd edib. Fondun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən birinin də uşaqların erkən yaşlarında inkişafına dəstək, onların təhsilə və digər sosial xidmətlərə çıxışının artırılması, eləcə də hüquqlarının təbliği olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirə moderatorluq edən uşaq səfir  Nurlan Cəbrayılzadə Məclisin birillik hesabatını təqdim edib. Hesabatın aerdınca xarici uşaqların Azərbaycan uşaqlarına təbrikləri, davamında isə  Forumun mərhələlərini özündə əks etdirən mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib. İştirakçılar “Uşaq hüquqları: inkişaf üçün birləşək”, “Uşaqların internet təhlükəsizliyi”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”,“Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, ona layiq olaq” mövzularında təqdimatlarla çıxış ediblər.

Daha sonra uşaq səfirlərə üzvlük vəsiqələri təqdim olunub.

Dəyirmi masa uşaqların hüquqları ilə bağlı məsələlər ətrafında müzakirələrlə davam edib, onlara müvafiq tövsiyələr verilib.

Yekunda tədbirdə iştirak edən uşaqlara, xüsusilə də Məclis üzvlərinə təşəkkür edən Bahar Muradova onların respublikanın bütün regionlarından olan uşaqların hüquqlarını təmsil etdiyini, bu işi həm də ölkə xaricində uğurla həyata keçirdiyini bildirərək gələcək həyatlarında uğurlar arzu edib.  

Sonda xatirə şəkli çəkdirilib.