Ailə siyasəti

Dövlət ailə siyasəti

Bu gün Respublikamızda təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.                                                                

Tarixən ailə, Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi dövlətin milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir.

Dövlətin ailə siyasətinin əsas istiqamətləri Respublikada ailə institutunun mövcud problemlərinin nəzərə alınması, gənc ailənin problemlərinin kompleks şəkildə həll edilməsi prinsipi ilə müəyyənləşdirilmişdir. Bu istiqamətlərə gənclərin uşaqlıqdan başlayaraq nikaha qədərki ailə həyatına hazırlanması, gənc ailənin reproduktiv sağlamlığının qorunması, ailə mənəviyyatının möhkəmləndirilməsi, ailədə valideyn məsuliyyətinin artması, uşaqların tərbiyəsi, ailənin sosial müdafiəsi, gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması kimi istiqamətlər aiddir.

Respublikamızda ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən əsas sənədlərdən biri 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsidir. Ailə Məcəlləsinə edilən dəyişikliklər əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması, nikahdan əvvəl gənclərin məcburi tibbi müayinədən keçməsi ailə üzvlərinin sağlamlığına, xüsusilə də ana və uşaqların sağlamlığının mühafizəsinə, həmçinin gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.  Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair və bir sıra digər məsələlərlə bağlı dövlət proqramları təsdiq edilib. Uşaqların təhsildən yayınması, məcburi əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edilib.

Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahların qarşısının alınması məqsədilə gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunub.

Ölkə  başçısının sərəncamları ilə təsdiq edilən “Gələcəyə Baxış İnkişaf Konsepsiyası” və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların  hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb.

Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Qeyd olunan tədbirlərə eyni zamanda Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi aiddir. 

Bu Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları müəyyən edilib.

Dövlətin ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq istiqamətində atdığı addımların əsas hissəsini sosial tədbirlər təşkil edir. Xüsusilə, aztəminatlı ailələrin, sosial cəhətdən həssas əhali qrupuna aid olan  şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə,  həmin kateqoriyalardan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il  tarixli sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam aztəminatlı ailələrin, əlillərin, sağlamlıq imkanları məhdud insanların həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Əlillər və aztəminatlı ailələr daim dövlət qayğısı ilə əhatə olunurlar. Dövlətin əsas hədəflərindəndir biridə sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün yönəldilməsidir. 1 yanvar 2006-ci ildən qüvvəyə minən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı müəyyən edilmişdir.  

Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə “YAŞAT” Fondu təsis edilmişdi.

Bununla yanaşı ölkə başçısı İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı  ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin qarşısında duran ən mühüm vəzifələrdən biri də ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır.