“Ailə, ailə dəyərləri və ənənələr” mövzusunda valideynlər ilə görüşlər keçirilib

5 aprel 2024 17:52

Paylaş:

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.3.3-cü “Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği və bu sahədə maarifləndirmə işinin genişləndirilməsi” bəndinin icrası məqsədilə Bakı şəhərində yerləşən orta məktəblərdə valideynlər arasında maarifləndirici görüşlər keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Nərimanov rayonu şəhid Tahir Həsənov adına 57 nömrəli tam orta, Səbail rayon 162 nömrəli tam orta və Xətai rayonunda yerləşən Zakir Tofiq oğlu Yusifov adına 194 nömrəli tam orta məktəblərdə keçirilən görüşlərdə ümumilikdə 346 valideyn iştirak edib.

Görüşlərdə 57 nömrəli tam orta məktəbin direktoru Aytən Sadıqova, 162 nömrəli tam orta məktəbin direktoru Nərgiz Ələkpərova və 194 nömrəli tam orta məktəbin direktoru Elnarə Zeynalova giriş nitqi ilə çıxış edərək bu istiqamətdə aparılan maarifləndirmənin əhəmiyyətinindən bəhs ediblər.

Təqdimatla çıxış edən Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova ailə dəyərlərinin və ənənələrinin qorunub saxlanılması, nəsildən nəslə ötürülməsinin dövlət ailə siyasətinin əsas prioritet istiqaməti olması, bu sahədə Dövlət Komitəsinin üzərinə düşən öhdəlik və görülən işlər barəsində iştirakçılara geniş məlumat verib.

Daha sonra cəmiyyəti narahat edən ailə məsələləri, ailə münasibətlərində yaranan fəsadlar və onlardan çıxış yolları istiqamətində  valideynlərlə müzakirələr aparılıb.

Dövlət Komitəsi tərəfindən hazırlanan “Valideyn bələdçisi”, “Valideynlər üçün övladları ilə münasibətə dair tövsiyələr”, “Yox deməyi bacar” adlı maarifləndirmə vəsaitləri iştirakçılara paylanılıb.

Tədbirlərin sonunda “Ailə bir ağacdır”, “Ağ və Qara” adlı videoroliklər nümayiş etdirilib.