8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

7 mart 2024 11:19

Paylaş:

6 mart 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, alim Zərifə Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarına və onların timsalında bütün Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.
Azərbaycanda keçirilən sonuncu prezident seçkilərində əldə edilən inamlı qələbədən bəhs edən Komitə sədri, ölkəmizin dünyada gedən ictimai-siyasi, iqtisadi sosial, humanitar, mədəni, daha çox isə hərbi siyasi proseslərin ən fəal aktoruna çevrildiyini bildirib.
Çağdaş Azərbaycan qadınının cəmiyyətin hərtərəfli inkişafı və dövlət quruculuğu prosesindəki mühüm roluna diqqət çəkən sədr, ölkədə keçirilən Prezident seçkiləri zamanı qadınların aktiv şəkildə iştirakını xüsusi vurğulayıb.
O, dövlət qadın siyasəti və son 20 ildə gender amilinə diqqətin artırıldığını, həmçinin qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsində böyük irəliləyişlər əldə edildiyini vurğulayıb.
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkən Komitə sədri, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Təşkilat Komitəsində qadınların da yer almasının bu prosesə qadınların töhfə vermək imkanlarını daha da artırdığını vurğulayıb.
O, Azərbaycan qadınlarının hər bir sahədə qazandığı uğur və nailiyyətlərə diqqət çəkərək, ölkəmizdə bərqərar olan mühitin qadınların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib.
Sonda bir daha bütün qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edib, qarşıda dayanan hədəf və məqsədlərə çatmaq yolunda cəsarət və inam arzu edib.
Sonra şəhid və qazi analarının, həyat yoldaşlarının, ictimai-siyasi xadimlərin, həmçinin müxtəlif sahələrdə çalışan qadınların xoş arzularının əks olunduğu video-çarx nümayiş etdirilib.
Tədbir bədii proqram ilə davam edib.