“Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” layihəsinin yekununa dair konfrans keçirildi

7 декабря 2017

Поделиться:

7 dekabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” layihəsinin yekununa dair konfrans keçirildi. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış etdi. S. Qəhrəmanova sözügedən layihənin əhəmiyyətindən, qaçqın və məcburi köçkün qızların cəmiyyətə inteqrasiyasından və bu istiqamətdə aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.

Tədbirdə cıxış edən АМЕА Fəlsəfə İnstitutunun şöbə müdiri, “Gender və İnsan Hüquqları” İctimai Birliyinin sədri  Rəna Mirzəzadə bu layihənin qaçqın və məcburi köçkün qızların bacarıqlarının inkişaf etdirilməsindən danışdı.

Daha sonra, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva  sözügedən layihəyə icmanın cəlb olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.  “Qızıl Əllər” müəsissəsinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Zenfira Ağayeva öz növbəsində bu layihənin erkən nikahların qarşısının alınmasında böyük rol oynadığını vurğuladı.

Layihəyə 1 sentyabr tarixindən start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd natamam təhsilli qaçqın və məcburi köçkün qızların müxtəlif sahələr (kompüter, müasir texniki avadanlıqlardan istifadə, qadın hüquqları ilə bağlı qanunvericilik üzrə məlumatlılığının artırılması və s.) üzrə bilik səviyyələrini artırmaq; cəmiyyətə inteqrasiyasının reallaşdırılması; bilavasitə qızların erkən nikahın qurbanına çevrilməsinin qarşısının alınmasıdır.

Layihə çərçivəsində qaçqın və məcburi köçkün qızlara kompüter bilikləri üzrə kurslar keçirildi. Qızlar kompüter proqramlarında çalışmaq, axtarış sistemlərindən istifadə etmək və s. məlumatlara yiyələnmişdir. Eyni zamanda, öyrənilən bilikləri möhkəmləndirmək üçün qızlar printer, surətçıxarma qurğusu, skaner, modem və digər avadanlıqlardan istifadə edərək təcrübələrini daha da artırdılar.

Bundan əlavə, qızlara məşğulluq üzrə mütəxəssis tərəfindən CV-nin hazırlanması, işəgötürən ilə müsahibəyə hazırlıq və s. kimi məsələlər də öyrədildi.

Qeyd edək ki, layihə çərçivəsində qaçqın və məcburi köçkün qızlara və onların ailə üzvlərinə aşağıda qeyd olunan mövzular üzrə təlimlər təşkil olundu. Hər bir təlim zamanı müvafiq olaraq maarifləndirici broşurlar hazırlandı və paylanıldı.

  •  “CEDAW konvensiyası və onun əlavə protokolu”
  •  “Məişət zorakılığının qarşısının alınması”
  • “Azərbaycan Respublikasında gender bərabərliyi və milli qanunvericilik” –
  • “Erkən nikahların qarşısının alınması”
  •  “Qadınların səlahiyyətləndirilməsi”
  • “İnsan alverinə qarşı mübarizə”
  • “Qadınların əmək hüququ”

Tədbirin sonunda kompüter kurslarını bitirən qızlara sertifikatlar təqdim edildi.