“İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim keçirildi

9 октября 2017

Поделиться:

9 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində “İnsan alverinə qarşı mübarizə”  mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılara Azərbaycan Respublikasının insan alverinin qarşısının alınması sahəsində qoşulmuş olduğu beynəlxalq sənədlər və milli qanunvericiliklə bağlı Azərbaycan Respublikasının 6 fevral 2009-cu il tarixli “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”, eləcə də 28 iyun 2005-ci ildə qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumatlar verilmişdir. Həmçinin, iştirakçılara əhali arasında məlumatlılığın artırılması məqsədilə “İnsan alveri, dolayısı ilə qadın alveri anlayışı nədir?” “Qadın alverinin qurbanları kimdir?”, “Qadın alveri hallarının baş vermə səbəbləri”, “Qadın alveri qurbanlarını cəlb etmə vasitələri”, “Qadın alverinin əsas üç istiqaməti: cinsi istismar, məcburi əmək və insan orqanlarının transplantasiyası” mövzularında profilaktik maarifləndirmə işləri aparılıb.

Təlimin keçirilməsində məqsəd iştirakçılara qadın hüquqlarının və ümumiyyətlə insan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi, qadınların iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması - gender bərabərliyinin təmin edilməsi və potensial insan alverinə məruz qala biləcək qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi, o cümlədən insan alverinin potensial qurbanı ola biləcək həssas qruplar arasında təbliğat işini aparmaqla cəmiyyətin insan alveri problemi haqqında məlumatlandırılması və beləliklə, əhali arasında insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə işinin aparılması olub.

İnsan alveri mövzusu ətrafında gedən müzakirələrdə təlim iştirakçıları aktiv iştirak edərək, bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini dəstəkləyiblər. Təlimdə “İnsan alverinin qurbanı olma”  mövzusunda buklet təlim iştirakçılarına paylanılıb.