“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində növbəti panel sessiyası baş tutub

7 декабря 2023

Поделиться:

Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində növbəti panel sessiyası baş tutub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayevin moderatorluq etdiyi panel “Məişət zorakılığının qarşısının alınması və reabilitasiya tədbirlərinin həyata keçirilməsində QHT-lərin rolu” mövzusuna həsr olunub.

Sessiyada “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova, “Azərbaycan–Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin sədri Nigar Helmi Abbasbəyli, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyevanın mövzu ətrafında çıxışları dinlənilib.

Çıxışçılar zorakılığa məruz qalmış şəxslərin, xüsusilə qadın və uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələlərinə toxunublar, xüsusilə bu prosesdə ilkin qiymətləndirmənin və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə əməkdaşlığının gücləndirilməsi cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynayacaq, həmçinin zərərçəkmiş şəxslərin hüquqlarının daha etibarlı qorunması sahəsində əlaqəli və koordinasiyalı şəkildə göstərilən fəaliyyət daha uğurlu nəticələrə gətirib çıxaracaqdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.