Uşaq müdafiə sistemində gender məsələləri müzakirə edilib

26 октября 2023

Поделиться:

26 oktyabr 2023-cü il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF)  gender məsələləri üzrə regional müşaviri Şıba Harma ilə görüşüb.

Görüş tanışlıq və uşaq müdafiə sistemində gender məsələlərin müzakirəsi məqsədilə baş tutub.

Qonaqları salamlayan sədr müavini Aynur Sofiyeva, Dövlət Komitəsi ilə UNİCEF arasında uzun illərə söykənən əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edib. O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində əməkdaşlığı xüsusi qiymətləndirərək, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi üzrə birgə fəaliyyət aparıldığını diqqətə çatdırıb. Komitənin CEDAW və CRC üzrə dövlət məruzəsini xatırladan A.Sofiyeva, yekun tövsiyələrə əsasən həyata keçirilən tədbirlərin bu gün də davam etdirildiyini bildirib. Sədr müavini Komitənin uşaq hüquqları müdafiəsi istiqamətində fəaliyyətində gender aspektinin əsas məqamlardan olduğuna diqqət çəkib və qızların təhsilinə dəstək, erkən nikah, uşaqların doğulanadək cins seçimi ilə mübarizə istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrədən söz açıb. Daha sonra “Böyük Qayıdış” proqramı çərçivəsində Komitə tərəfindən reallaşdırılan layihələr haqqında məlumat verib, eləcə də işğaldan azad olunmuş torpaqlara qayıdacaq ailələr, eləcə də uşaqlarla aparılacaq iş barədə danışıb.  

Komitə ilə əməkdaşlığı yüksək qiymətləndirən UNİCEF-in gender məsələləri üzrə regional müşaviri Şıba Harma, təşkilatın gender bərabərliyi istiqamətində əməkdaşlığa önəm verdiyini bildirib. O, region üzrə 23 ölkə ilə əməkdaşlıq edən UNİCEF-in Azərbaycanda uşaq hüquqlarının təmin olunması naminə fəaliyyətdə bütün proseslərə cəlb olunduğunu söyləyib. Ş.Harma bundan sonra da “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində təşkilat tərəfindən Azərbaycana dəstək göstərilməsi ilə bağlı təkliflər səsləndirib. Eləcə də “Erkən uşaqlıq dövründə inkişafa dair Strategiya”nın layihə sənədində nəzərdə tutulan tədbirlərin uşaq müdafiə sistemində gender bərabərliyinin təmin olunması işinə töhfə olacağına ümidini ifadə edib.

Görüşdə Dövlət Komitəsinin Uşaq məsələləri  şöbəsinin müdiri Cəmilə Bağırova, Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Zahidə İsrafilova, Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı, Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva, eyni zamanda UNİCEF-in Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, gender məsələləri üzrə əlaqələndirici Ülviyyə Quliyeva da iştirak edib.