Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən keçirilmiş açıq tender müsabiqələri barədə məlumat

17 августа 2023

Поделиться:

15.08.2023-cü il tarixində bəzi media resurslarında AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin büdcəsinin icrası ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılmışdır.
Məlumatda Dövlət Komitəsi tərəfindən dövlət satınalmalarına ayrılan maliyyə vəsaiti ilə bağlı onun üçillik büdcə vəsaitini aşan şişirdilmiş rəqəmlər göstərilmiş və əsassız ittihamlar yer almışdır. Bu cür məlumatların ictimaiyyətdə çaşqınlıq yarada biləcəyini nəzərə alaraq aşağıdakıları bildiririk:
Nəzərə alınmalıdır ki, Dövlət Komitəsi dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq “Büdcə sistemi haqqında” AR Qanununa əsasən hər il maliyyə vəsaitlərinin hərəkətinə və istifadəsinə dair məlumatları AR Maliyyə Nazirliyinə və AR Hesablama Palatasına təqdim edir.
Əlavə olaraq bildiririk ki, 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən Dövlət Komitəsi tərəfindən maliyyə tutumlu tədbirlərin sayı məhdud olmuşdur. 2021-ci ildə 432462 (dörd yüz otuz iki min dörd yüz altmış iki), 2022- ci ildə 999198 (doqquz yüz doxsan doqquz min yüz doxsan səkkiz) və 2023–cü ildə 3313054 (üç milyon üç yüz on üç min əlli dörd) manat vəsait müqabilində tədbirlərin təşkili üzrə müqavilələr bağlanılmış və öhdəliklər yerinə yetirilmişdir.
Qeyd edilməlidir ki, həyata keçirilən tədbirlər Dövlət Komitəsinin illik fəaliyyət planına əsasən, ölkə rəhbərinin imzaladığı dövlət proqramları və milli fəaliyyət planları çərçivəsində Komitənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı olur. Həmçinin bu tədbirlər ictimaiyyət və çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilir və bu barədə məlumatlar müxtəlif KİV-də dərc edilir.
Hər il dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə, Komitə tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma proseduru (açıq tender) həyata keçirilir. Satınalma proseduru elektron formada “etender.gov.az” portalı vasitəsilə aparılır. Bütün proses qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf formada icra edilir.
Açıq tender proseduru yekunlaşdıqdan sonra, təqdim olunmuş sənədlər tender komissiyası (Tender komissiyasının tərkibinə İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri daxil olur) tərəfindən qiymətləndirilir, yekun protokol hazırlanır və komissiya üzvləri tərəfindən imzalanır. İmzalanmış protokol qeydə alınması üçün bu sahədə səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktub ilə yönləndirilir.
Yekun protokolun nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydiyyata alındıqdan sonra, qalib təşkilat ilə müqavilə bağlanılır və il ərzində öhdəliklər qarşılıqlı formada, yüksək keyfiyyətlə həyata keçirilir.
Dövlət Komitəsi media nümayəndələrinin informasiyanı almaq və yaymaq hüququna hörmətlə yanaşır, ictimaiyyətin diqqətini yanlış istiqamətə yönləndirən məlumatların yayılması yolu ilə oxucu sayını artırmaq niyyətində olan media subyektlərini bu məqsədlərinə çatmaq üçün konstruktiv yanaşma sərgiləməyə çağırmaqla yanaşı, belə əməllərə görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulduğunu bir daha xatırlatmağı da vacib hesab edir.