“Mənim hüquqlarım” adlı təşviqat avtobusu Yardımlı rayonunda

11 августа 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər 8, 9, 10 avqust 2023-cü il tarixində Yardımlı rayonunun Çayüzü, Avaş, Vərgədüz, Bərcan və Astanlı kəndlərinə təşkil edilib.
Regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə davam edən təlimlərdə 107 uşaq iştirak edib.
Səfər zamanı uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə Dövlət Komitəsinin əməkdaşı Nurlana Qaraxanova, təlimçilər - “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşı Aynur Məmmədova və “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisi, psixoloq Lalə Vəliyeva tərəfindən uşaqlar arasında müxtəlif qrup işləri keçirilib, müzakirələr aparılıb, uşaq hüquqları haqqında məlumatlandırıcı çap materialları, yapışqanlı stikerlər paylanılıb.
Qeyd edək ki, bundan öncə 7, 8, 9 iyun tarixlərində Xızı rayonunun Altıağac, Şorabad qəsəbələrinə və Fındığan, Tıxlı, Yeni Yaşma kəndlərinə, eləcə də 27 iyul tarixində Zəngilan rayonunun Ağalı kəndinə səfərlər təşkil edilmişdir.
15, 16, 17 avqust 2023-cü il tarixlərində növbəti səfərin Tərtər rayonunun Qazyan, Evoğlu, Xoruzlu, Hüseynli və Talış kəndlərinə təşkil edilməsi nəzərdə tutulur.