“BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusu üzrə gender məsul şəxslər üçün təlim keçirilib
Поделиться:
13 iyun 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusu üzrə gender məsul şəxslər üçün təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, təlim gələcəkdə gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.
O, gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb və Komitənin hər il “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Milli Məclisə hesabat verdiyini, həmçinin BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə” Konvensiyaya dövri hesabatların təqdim edildiyini qeyd edib.
Sədr müavini bildirib ki, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən nazirliklərə, komitələrə və bir sıra şirkətlərə müraciət olunmuş və artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilmişdir. O, məsul şəxslər tərəfindən təmsil etdikləri qurumlarda mütəmadi olaraq, gender təhlilinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov çıxış edərək, cəmiyyətdə gender bərabərliyi ilə bağlı mövcud olan stereotiplər, selektiv abortlar və cinsə görə ayrı-seçkilik halları ilə bağlı məlumatları qeyd edib və bu problemlərin qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirləri vurğulayıb.
Davamında gender və inkişaf üzrə ekspert, Dünya Bankının aparıcı konsultantı Xalisə Şahverdiyeva təqdimatla çıxış edib. O, CEDAW Komitəsinin tövsiyələrinin icrası ilə bağlı mühüm məqamları qeyd edib. Təlimçi qadınlara qarşı gender əsaslı zorakılıq, ədalət mühakiməsinə çıxış, həssas kateqoriyadan olan qadınların problemlərinin həlli və qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizmlər haqqında məlum verib. Müvafiq tövsiyələrin icrası üzrə mümkün fəaliyyət konsepsiyasının hazırlanması istiqamətində qrup işi olub.
Daha sonra Komitə əməkdaşları Sevil Rəsulzadə və Qeys Ağalarov tərəfindən gender məsul şəxslərin şəbəkələşməsini hədəfləyən “genderazerbaijan.com” saytından istifadə qaydaları haqqında məlumat verilib və müvafiq elektron açarlar paylanılıb.
Təlim çərçivəsində iştirakçılara “Gender bərabərliyi” dərs vəsaiti, “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” haqqında məlumat verilib və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara təlimdə iştirakla bağlı sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimlər 14 və 16 iyun tarixlərində də davam edəcək.