Abbasovlar ailəsi: “Uzunömürlü ailənin sirri iki bədəndə döyünən bir ürəkdir”

15 марта 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünkü qonağı Abbasovlar ailəsidir.

Saatlı rayonunun uzunömürlü, nümunəvi ailələrini araşdırarkən yolumuzu el ağsaqqalı Mirabbas dayıgilin evindən saldıq. Mirabbas və Şabikə Abbasovlar 69 illlik birgə ömrə sığışdırdıqları tarixçəni böyük həvəslə danışdılar.

Mirabbas dayı gözəl uşaqlığından, valideynlərindən, oxumaq sevdasından, maraqlı təhsil illərindən və uğurlu ailə həyatından danışdıqca danışdı, illərə xəyalən səyahət etdi: orta məktəb, texniki peşə məktəbi və ən nəhayət, ali təhsil illəri, daha sonra iş təcrübəsi. O, həyatını bir tarixçi kimi xronoloji ardıcıllıqla danışarkən, tez-tez həyat yoldaşına baxıb “bəlkə də bacarmazdım”, “çətin olardı” sözlərini deyirdi, ardını gözlərindən oxuyurduq: “sən olmasaydın”. Görünən odur ki, 69 ildə bu həyatın çətin, keşməkeşli yollarında ona dayaq olan, onunla birgə mübarizə aparan vəfalı yoldaşının haqqını danmır.

1954-cü ildə qurulan bu gözəl ailədə 6 övlad böyüyüb, zəhmətkeş valideynlər hər birinə təhsil verib, ailə sahibi ediblər. Asan deyil, illərin sınağından sözü eşidilən, hörmət sahibi, üzüağ el ağsaqqalı kimi çıxmaq. Həyatın çətinliklərinə baxmayaraq, Mirabbas dayı savadı və istedadı, ona arxa-dayaq olan ailəsinin köməyi ilə bütün maneələri dəf edə bilib.

Mirabbas dayı ilk gündən xoşbəxt, mehriban ailəsi olduğunu vurğuladı və xoşbəxt ailənin sirrini verdi: “İki bədəndə döyünən bir ürək. Bəli, məhz bu cür yaşamaq ailəni uzunömürlü edir”. Evin ağbirçəyi Şabikə xanım yoldaşı ilə birgə 15 nəvə və 21 nəticə sevinci yaşayıb. İllər onun gözəl çöhrəsinə sevimli nənə, hörmətli ağbirçək nuraniliyi qatıb. Söhbətimiz bitənə qədər qismətinə belə bir insan çıxardığına görə uca Allaha şükür etdi. Mirabbas dayı bütün təhsil həyatı boyu, hətta Azərbaycan Pedaqoji İnstitutunda təhsil alarkən də ona dəstək olduğunu, bütün çətinliklərə onunla birgə sinə gərdiyini fəxrlə danışdı. Kolxozdakı əmək fəaliyyətindən, texniki məktəbdə feldşer təhsili aldıqdan sonra 17 il tibbi yardımda çalışmasından, ali təhsil aldıqdan sonra Saatlı Meşə İdarəsində mühəndislik fəaliyyətindən söz açdı.

Belə mehriban, sevgi-sayğı dolu ailə ocağından uzaqlaşmaq çətin olsa da, xoş dəqiqələri xatırladacaq bir neçə anı fotoaparatın yaddaşına köçürdük.