“Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” mövzusunda dəyirmi masa keçirilib

1 апреля 2022

Поделиться:

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “BP Azərbaycan” şirkətinin dəstəyi ilə icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatının təqdimatı keçirilib.

Tədbirdə İnklüziv təhsil layihəsinin rəhbəri Fərid Süleymanov əlilliyi olan şəxslərin və inklüziv cəmiyyətin inkişafında inklüziv təhsilin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, inklüziv təhsilin təşviqi ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. İnklüziv təhsil sadəcə əlilliyi olan insanlar üçün deyil, ümumilikdə bütün insanlar üçün bərabər, keyfiyyətli təhsil imkanlarının təmin olunmasını özündə ehtiva edən təhsil konsepsiyasıdır. İnklüziv təhsilin təşviqi üçün dövlət tərəfindən mühüm addımlar atılır. Bununla yanaşı, ictimai təşkilatlar da bu sahədə işlərə öz töhfəsini verirlər.

Fərid Süleymanov “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 2018-ci ildən icra olunan müvafiq layihələr çərçivəsində ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı sahəsində bir sıra işlərin həyata keçirildiyini və müsbət nəticələrin əldə olunduğunu, bu istiqamətdə fəaliyyətlərin davamlı xarakter aldığını bildirib. İctimai Birlik tərəfindən Avropa İttifaqının dəstəyi ilə 2018-2020-ci illərdə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında 6 İnklüziv Təhsil Mərkəzi yaradılıb və beynəlxalq ekspertlərlə birlikdə inklüziv təhsil üzrə müəllim inkişafı proqramları hazırlanıb. Həmin proqramlar əsasında ibtidai sinif müəllimləri, məktəb direktorları, müəllim-professor heyəti, 2 mindən çox tələbə, valideyn inklüziv təhsil üzrə təlimləndirilib, dərslik və əyani vəsaitlər çap edilib. Ötən müddətdə inklüziv təhsilə dair portal istifadəyə verilib.

Eləcə də Azərbaycanda inklüziv təhsil üzrə qanunvericiliyin təhlili aparılaraq “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatı hazırlanıb. Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 4 orta ümumtəhsil məktəbində inklüziv resurs mərkəzlərinin yaradılması, müəllim və valideynlər üçün inklüziv təhsil və əlillik məsələləri barədə məlumatlandırıcı seminarlar keçirilməsi, ictimai maarifləndirmə işlərinin aparılması istiqamətində işlər davam etdirilir.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. Dövlət Proqramı çərçivəsində hazırda 12 məktəbdə inklüziv təhsil üzrə pilot layihə icra edilməkdədir. Həmin məktəblərdə inklüziv mühitin yaradılması üçün infrastruktur uyğunlaşdırılıb və müəllim heyəti inklüziv təhsil üzrə təlimlərə cəlb edilib. İnklüziv təhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur.

Təhsil nazirinin müavini diqqətə çatdırıb ki, Azərbaycanda 2021-2022-ci tədris ilində 12 min 562 nəfər xüsusi təhsilə cəlb olunub. Onlardan 157-si inklüziv təhsilə, 8456 nəfər evdə təhsilə cəlb edilib. Hazırda Təhsil Nazirliyi hökumət təşkilatları, beynəlxalq fondlar, ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, ümumi təhsil pilləsində inklüziv təhsilin genişləndirilməsi, müəllim hazırlığı istiqamətində fəaliyyətlərini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq nazirlik tərəfindən normativ-hüquqi aktların layihəsi hazırlanıb. Həmçinin əlilliyi olan şəxslərin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının inkişafı və təşviqi məqsədilə “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” yaradılıb.

Səhiyyə Nazirinin müavini İlqar Qasımov əlilliyi olan şəxslərin cəmiyyətə sürətli inteqrasiyası, onların psixi sağlamlığının möhkəmləndirilməsi üçün inklüziv təhsilin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq bu istiqamətdə kompleks tədbirlərin görülməli olduğunu qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva diqqətə çatdırıb ki, əlilliyi olan uşaqların keyfiyyətli təhsilə çıxış hüququnu nəzərdə tutan inklüzivlik siyasətinin hazırlanması labüddür. Qeyd edilib ki, bugünkü tədbir siyasətin hazırlanması prosesinin iştirakçıları olacaq bütün aidiyyəti tərəflərin bu sahədə mövcud qabaqcıl təcrübələr barədə məlumatlandırılması və ölkədə inklüziv təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində icrası tələb olunan fəaliyyətlərin geniş müzakirəsi baxımından əlamətdardır.

Beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatını inklüziv təhsil üzrə beynəlxalq ekspertlər Piter Qraymz və Marike Stivenz təqdim ediblər. Hesabatda Azərbaycanda inklüziv təhsilə aidiyyəti olan bir sıra qanunvericilik aktlarının təhlili, nümunəvi qanunvericilik bazasına malik ölkələrin təcrübəsi, həmçinin qanunvericiliyin gücləndirilməsi və inklüziv təhsilin inkişafı üçün icrası zəruri olan tədbirlər planı öz əksini tapıb.

Tədbir müzakirələrlə davam edib.