Dövlət Komitəsinin kollegiya iclası keçirilib

11 февраля 2022

Поделиться:

11 fevral 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kollegiyasının 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası keçirilib.
İclasda Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri və ictimai şura üzvləri də iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayıb. Azərbaycanda ötən ilin Vətən müharibəsinin birinci ildönümü ilə və “Nizami Gəncəvi ili” kimi yadda qaldığını vurğulayan Komitə sədri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə nəhəng quruculuq işlərinin həyata keçirildiyini, həmçinin beynəlxalq miqyasda fəal siyasətin aparıldığını bildirib. O, baş verən mühüm hadisələr, əldə edilən nailiyyətlərlə yanaşı, pandemiyanın bu il də davam etdiyini və yeni problemlər yaratdığını diqqətə çatdırıb. 2022-ci ilin “Şuşa ili” elan edildiyinə diqqət çəkən Komitə sədri, perspektivlərimizi görməyi, yeni istiqamətlər müəyyənləşdirməyin, ötən ildə mövcud olan çağırışları, eyni zamanda yaranan imkanları fürsətə çevirib dəyərləndirməyin vacibliyini qeyd edib.
Daha sonra Bahar Muradova Komitənin 2021-ci il fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair məlumatı təqdim edib. Təqdimatda Komitənin ailə, qadın və uşaq siyasətinin təmin edilməsi istiqamətində fəaliyyəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində hazırlanan və təklif olunan sənədlər, aparılan araşdırma, təhlil və sorğular, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və görüşlər, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də Qadın Resurs Mərkəzləri barədə geniş məlumat əksini tapıb. Eyni zamanda məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsi, iqtisadi iştirakçılığının artırılması, uşaqların liderlik bacarıqlarının inkişaf etdirilməsi, hüquqlarının müdafiəsi, o cümlədən ailələrin rifahının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında, 2022-ci ildə həyata keçirilməsi planlaşdırılan işlər barədə müfəssəl qeydlər edilib. Sonra məruzə ətrafında çıxışlar edilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvanda ailə, qadın və uşaq hüquqlarının, ümumi rifahının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatı diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və gender məsələləri, hüquqi təminat və məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumatı kollegiya iştirakçılarının diqqətinə çatdırıb və cari ildə həyata keçiriləcək tədbirlər barədə danışıb.
Komitənin sədr müavini Aynur Sofiyeva ailə və uşaq məsələləri, media və vətəndaş cəmiyyəti ilə işlərin aparılması, araşdırma və təhlillərlə bağlı görülən işləri diqqətə çatdırıb. O, çıxışı zamanı mövcud problemlər, çatışmazlıqlar və qarşıda duran məsələləri qeyd edib.
Ardınca ictimai şura üzvləri Komitənin fəaliyyət istiqamətləri ilə bağlı fikir və təkliflərini, mövcud problemləri səsləndiriblər. Eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi, qurumlar arasında koordinasiyalı işin təşkili ilə əlaqədar müzakirə aparılıb.
Daha sonra kollegiyanın gündəliyinə əsasən Azərbaycan Hökumətinin BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiya”sı üzrə altıncı, “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci, altıncı dövri məruzələri və məruzələrlə bağlı təqdim edilmiş sualların cavablandırılması barədə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilovun məlumatı dinlənilib.
İclasın sonunda gündəlikdə duran məsələlərlə bağlı qərar layihələri qəbul edilib.
Bahar Muradova yekun nitqi ilə çıxış edərək, iclas iştirakçılarına təşəkkürünü bildirib və Komitənin cari ildə daha səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edib.