“Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri təqdim olunub
Поделиться:
22 dekabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans keçirilib.
Salamlama nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc ailə münasibətləri, milli ailə modelinin məruz qaldığı təsirlərin və gözlənilən nəticələrin hazırkı tədbirin əsas mövzusu olduğunu bildirib.
Bu gün ailə institutunun, milli dəyərlər sisteminin fasiləsiz xarici təzyiqlərə məruz qaldığını vurğulayan Z.Oruc qeyd edib ki, Azərbaycan ailəsi bir tərəfdən tarixin sərt sınaqlarından çıxaraq köklü dəyərləri və ənənələri, norma və idealları özündə qoruyub saxlamağa çalışır, digər tərəfdən dünyada radikal dəyişikliklər hər bir millətin üzərində qərarlaşdığı fundamental dayaqlara hücum edir. O, rəqəmsal texnologiyanın, sosial medianın bir tərəfdən gündəlik həyatımızı asanlaşdırarkən, digər tərəfdən ictimai nizamın zədələnməsinə, xüsusən ailə bağlarının qırılmasına yol açdığını diqqətə çatdıraraq, ictimai rəy sorğularında Azərbaycan cəmiyyətinin ailə münasibətlərinə əsas təhdid kimi sosial şəbəkələri qeyd etməsinin təsadüfi olmadığını vurğulayıb: “Şəxsi münasibətləri, sirləri və mübhəmliyi əldən almağa çalışanlar ailələrə açıq hücum edir. Əvəzində isə İmmunitet qüvvəmiz və əsas silahımız, məhz bizi dünya xəritəsində qoruyub saxlayan ailə dəyərlərini hifz etməkdir. Bu çağırış təkcə dövlət qarşısında deyil, daha çox cəmiyyətdən səfərbərilik və müqavimət tələb edir.”
Zahid Oruc xüsusilə son 30 ildə ən böyük təhlükələri dəf edəndən sonra Vətən savaşında öz övladlarını şəhid verən minlərlə azərbaycanlı ailəsini 21-ci əsrin ən böyük qüvvəsi və hadisəsi adlandıraraq bildirib ki, öz həyat yoldaşını, qardaşını, oğlunu, atasını, doğmasını Vətənə bağışlamağa hazır olan yüz minlərlə ailə, həm də qlobal savaşlardan qalib çıxan Zəfər ailələri deməkdir. Qələbimizin nəticəsinin ictimai həyatın bütün sahələrinə, eləcə də ailə quruculuğuna, dövlətin ailə siyasətinə daşınması mühüm əhəmiyyət kəsb edir. Varlığımızı hədəfə alan qlobal hücumlara qarşı ailənin qorunmalı olan ən müqəddəs ictimai struktur olduğunu bildirən millət vəkili onu da əlavə edib ki, bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirilməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir.
Daha sonra “Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” üzrə videoçarx nümayiş etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, Dövlət Komitəsi ailə məsələləri istiqamətində xüsusi təhlilin keçirilməsini vacib hesab etmişdir. Bu gün keçirilən tədbir Azərbaycanda ailənin inkişafına, onun dövlətimiz və cəmiyyətimizin həyatında rolunun artırılmasına yönələn dövlət ailə siyasəti, Azərbaycan ailəsinin unikal modeli, onun tarixi təkamülü və bugünkü transformasiyası haqqında fikir mübadiləsi aparılması baxımından əhəmiyyətlidir.
O, çıxışında vurğulayıb ki, demokratik dövlətlərin reallaşdırdığı bütün siyasətlər mövcud resursların hər gün yenilənən cəmiyyətləri, siyasi sistemləri, regional və qlobal proseslərin axarını dəyişən insan resursuna yönəlməli, onu dəyişən dünyanın lokal, regional və qlobal təsirlərindən qorumalıdır. Çünki milli mənəvi köklərə söykənən və müasirlik üzərində qurulan ailələr dövlətin güclü təməli rolunu yerinə yetirir. Ailə, cəmiyyət və dövlət üçlüyünün əsas məqsədi isə fəaliyyəti yalnız hüquqi çərçivələrlə məhdudlaşdırıla bilən vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq və təmin etməkdir.
B. Muradova bildirib ki, bütün dünyada, o cümlədən Azərbaycanda da tarixən formalaşmış ailə institutu qadın və kişilərin sevgi, qarşılıqlı hörmət, eləcə də digər yanaşmalara əsaslanan ittifaqının dövlətlərin siyasi, iqtisadi, mədəni mühitinin formalaşmasında mühüm rol oynayan özəyi kimi qəbul olunur, dövlət bu modelin qorunub saxlanması üçün müxtəlif proqramlar işləyir. Sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ailə siyasətini, onu həyata keçirmək üçün mexanizmləri və yeni alətləri formalaşdırır: “Ailə və cəmiyyət inkişaf zəncirində davamlı qırılmaların, qopmaların baş verməsinə, hər cür yeni qeyri-ənənəvi yanaşmaların və tendensiyaların olmasına rəğmən, yenə də bu təməl üzərindən inkişaf edir. Ənənələr və müasirliyin ölçülə bilən balansı, ailə və gender məsələlərini iqtisadi, hüquqi, mənəvi və psixoloji amillərinin uğurlu sintezinin tapılması bu təməlin daha da möhkəmlənməsinə xidmət edir.”
Komitə sədri Azərbaycanın öz həyatının mürəkkəb, eyni zamanda şərəfli dövrünü yaşadığını vurğulayaraq, bildirib ki, bu dövrdə bizim üçün vacib olan məsələlər həqiqətən də çoxlu səy və vaxt tələb edir, müxtəlif istiqamətlərdə göstərilən səylərin bir arada cəmləşməsi isə yalnız ailədə baş verir. Bugünkü təqdimatda biz cəmiyyətin və dövlətin ahəngdar inkişafı üçün möhkəm təməllər üzərində formalaşmış ailə institutunun milli-mənəvi dəyərlərdən qaynaqlanan məzmunu ilə müasir və smart gələcəyin insanını yetişdirmək üçün vacib olan forması arasında ziddiyyət yarada biləcək halların aradan qaldırılması üçün faydalı müzakirələr aparmalı, prinsipial mövqelərimizi ortaya qoymalı və gələcək fəaliyyətimiz üçün tədqiqatın nəticələrini və tövsiyələrini nəzərə almalıyıq.
Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə sosial islahatlar davam edir və əsas sahələrdən biri ailələrin qorunması, ənənəvi ailə dəyərlərinin gənc nəsillərə ötürülməsi, qadın və uşaqların müdafiəsidir. Tədqiqatın aktuallığını nəzərə alaraq sosial baxımdan üç istiqamət üzrə fikirlərini diqqətə çatdıran nazir müavini bildirib ki, birinci istiqamət ailələrin sosial müdafiə alətləridir ki, burada əsasən vacib sosial adətlərimizə nəzər yetirsək, həm sosial dəstək, məşğulluq tərəflərini, həm də sosial ödənişləri qeyd etməliyik. O, bu il ərzində uşaqlar və aztəminatlı ailələr üçün 400 min manat məbləğ ayrıldığını diqqətə çatdıraraq, bildirib ki, bu gün 50 mindən çox ailə, 200 mindən çox insan ünvanlı sosial yardım alır. Onların yarıdan çoxu qadın və uşaqlardır. Bu il 62 min insan iş yeri ilə təmin edilib. Gələn il uşaqlar üçün 9 istiqamət üzrə müavinətlər olacaq. Aztəminatlı ailələrin sosial xidmətlərə daha çox çıxışını təmin etmək üçün ciddi layihələr həyata keçirildiyini qeyd edən A.Kərimov 800-dən çox uşağın bu proqramdan yararlandığını vurğulayıb. Uşaqların övladlığa götürülməsi mövzusuna toxunan nazir müavini son dövrdə 106 uşağın yeni ailələrə verildiyini, ailələrin qiymətləndirilməsində isə elektron platformadan istifadə edildiyini diqqətə çatdırıb. O, həm də himayədar ailə layihəsi haqqında məlumat verərək, bunun uşaqların cəmiyyətə inteqrasiyası üçün vacib rol oynadığını qeyd edib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bu ilin 5 ayı ərzində mediatorlara 9550 müraciətin daxil olduğunu diqqətə çatdırıb: “Bu müraciətlərdən 8515 müraciət ailə mübahisələrinə aid olan məsələlərdir. Daxil olan müraciətlərin 80 faizi ailə münasibətlərinə aiddir. Baxdığımız müraciətlər zamanı məlum olur ki, mübahisə təkcə ailələrə deyil, ekosistemlərə də təsir edir”. O bildirib ki, boşanma məsələləri ilə bağlı mübahisələrin mediasiya yolu ilə həlli müsbət nəticə verir. Mediatorlar boşanmaq istəyən tərəflərin qərara gələ bilmədiyi mübahisə predmetləri üzrə barışmaq sazişlərinə cəlb edir. Belə bir nəticəyə gəlmişik ki, bu mübahisələr cəmiyyətə çox ciddi neqativ təsir edir. O, eyni zamanda təhlil ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu vəsait Ədliyyə Akademiyasında keçirilən kurslarda iştirak edən mediatorlar üçün də məqsədəuyğun və faydalı hesab edilir.
Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin üzvü Tahirə Allahyarova tərəfindən sorğunun nəticələrinin təqdimatı aparılıb. O, Azərbaycanda ilk dəfədir bu formatda təhlilin keçirildiyini vurğulayaraq, Komitəyə təşəkkürünü bildirib. T. Allahyarova tədqiqatın nəticələrinin çox maraqlı məqamları əks etdirdiyini qeyd edərək, bildirib ki, burada 3 əsas aspekt mühüm əhəmiyyət kəsb edir: “Bu tədqiqat Azərbaycan vətəndaşı olaraq hər birimiz üçün ailə anlayışı, ailə dəyərləri barədə təsəvvürləri zənginləşdirəcək, müasir Azərbaycan ailəsinin hazırda qarşılaşdığı qlobal, regional meyllər, transformasiyalar, çətinliklər, qlobal sivilizasiyanın çağırışlarından irəli gələn tədqiqlərin aradan qaldırılması üçün dəstək növlərini müəyyən etməyə kömək edəcək. Tədqiqat milli lokal çərçivəlidir. Azərbaycan dövləti müstəqillik bərpasının 30 illiyini qeyd etdi. Müstəqil Azərbaycan ailəsi müstəqilliyin yaşıdı olan gənclərimiz ailə haqqında nə düşünür və ailə dəyərlərinə onların münasibəti necədir.Bu baxımdan milli əhəmiyyəti çox böyükdür: “Digər aspektdən baxsaq, ailələr qlobal səviyyədə problemlərlə üzləşirlər. Dünyada qəbul olunan faktdır ki, ailə transformasiyadan keçir. Bəziləri hesab edirlər ki, ailə sistemi böhranlarla üz-üzədir. Ailə institutunda problemdən çıxmaq çətindir. Hər bir dövlət güclü ailənin formalaşmasında maraqlıdır. Bu da ailə dəyərlərinin qorunmasının zəruri olmasının göstəricisidir”.
Konfrans çərçivəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputat Fazil Mustafa və Qüdrət Həsənquliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və kulturoloq Fuad Məmmədov təhlil ilə bağlı fikirlərini bölüşərək, Azərbaycanda ailə institunun möhkəmləndirilməsi ətrafında təkliflərini səsləndiriblər.
Konfrans müzakirələrlə davam edib.