“Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum”un təqdimatı keçirildi
Поделиться:
24 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Dövlət İmtahan Mərkəzinin (DİM), Bakı Dövlət Universitetinin (BDU) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 15 illiyinə həsr olunmuş “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimi keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, tədbirin işinə uğurlar arzu edib. O, bu tədbirin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 15-ci ildönümünə həsr olunmasının əhəmiyyətini vurğulayaraq, bildirib ki, Qanunun qəbulundan sonra ictimai və sosial həyatda, dövlət idarəçiliyində gender bərabərliyinin təmin olunması məsələlərinə diqqət artırılmış, bu isə özü-özlüyündə yeni-yeni layihələrin və vacib tədbirlərin daha çox keçirilməsinə təkan verilmişdir.
Təqdimatı keçirilən Kurikulumun AQUPDK, DİM, BDU və GİZ ilə əməkdaşlıq çərçivəsində çap olunduğunu qeyd edən B. Muradova ilk növbədə müəllifləri, o cümlədən vəsaitin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edib, eyni zamanda təklif və müsbət rəylərini təqdim etdikləri üçün ali təhsil müəssisələrinə və BMT-nin Əhali Fonduna təşəkkürünü bildirib.
Qadın və kişilərin ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində bərabər təmsilçiliyi, bütün sahələrdə bərabər hüquq və imkanlara malik olmasının dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən olduğunu diqqətə çatdıran komitə sədri qadınların kişilərlə bərabər səlahiyyət və iqtisadi imkanlara da malik olmasının aktuallıq kəsb etdiyini bildirib. O, ölkəmizdə gender bərabərliyi sahəsində həyata keçirilən mütərəqqi addımların bu gün də uğurla davam etdiyini qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gender siyasətinin reallaşdırılması məsələsində nailiyyətlərin əldə edildiyini bildirib. B. Muradova onu da əlavə edib ki, dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin təşviq olunması, qadın və qızların səlahiyyətlərinin artırılması, siyasi, iqtisadi və ictimai həyatda, qərarların qəbulu prosesinin bütün səviyyələrində bərabər imkanlarını təmin etmək əsas hədəflər sırasına daxil edilmişdir. Bir çox dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslərin fəaliyyət göstərməsi bu sahədə vacib nəticələrdən biridir.
İdarəetmə və qərarqəbuletmədə qadınların təmsilçiliyinin artdığını diqqətə çatdıran komitə sədri bildirib ki, 2021-ci ilin yanvar ayının 1-nə olan statistikaya əsasən, dövlət qulluqçularının ümumi sayı 26.672 nəfər təşkil edir. Onlardan 7339 nəfərini, yəni 27.5 %-ni qadınlar təşkil edir. Son illərdə qadınların fəal təmsilçiliyi həm də sahibkarlıq fəaliyyətində müşahidə olunur. Onların öz bizneslərini yaratmalarına təşviq edilməsi məqsədilə dəstək kampaniyaları və maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilir. Təqdimatı keçirilən vəsaitin dövlət qulluğuna qəbul sahəsində bir sıra problemli məsələlərin həlli istiqamətində yeni imkanlar açacağına ümid etdiyini qeyd edən komitə sədri dövlət qulluğuna qəbul üçün müraciət edənlərin və yaxşı nəticə göstərənlərin içərisində qadın və qızların nəzərəçarpan yer almasına rəğmən vəzifələrə təyinatlar zamanı kişi və oğlanlara nisbətən daha az nəticə göstərdiklərini təəssüflə vurğulayıb.
Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin İqtisadiyyat, Mədəniyyət və Mətbuat İşləri üzrə nümayəndəsi Zübeyde Oyan gender bərabərliyinin təmin olunması istiqamətində Almaniya təcrübəsindən bəhs edərək, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərdə iştirak etməkdən məmnun olduğunu qeyd edib. O, qadın iştirakçılığının təmin olunmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, eləcə də cəmiyyətin mühüm rol oynadığını, bu sahədə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu sahənin vacibliyindən söhbət açaraq “Gender bərabərliyi haqqında Qanunun qəbul olunmasının 15-ci il dönümündə belə bir vəsaitin hazırlanmasının əlamətdar olduğunu qeyd edib. O, DİM-in 25 ilik fəaliyyətindən bəhs edərək bu illər ərzində keçirilən imtahanlarda gender aspektlərinin mütəmadi olaraq təhlil edildiyini, qadınların da kişilərlə bərabər şəkildə, hətta daha böyük uğurlarla bu imtahanlarda iştirak etdiklərini vurğulayıb: “Hazırda texniki ixtisasları seçən qızların sayı artmaqdadır, artıq müəyyən stereotiplər sıradan çıxır”.
O, gender problemləri ilə bağlı məqamlardan danışarkən bunun yalnız qadınlarla bağlı olmadığını, birgə yaşayış və birgə inkişaf naminə bərabər şəkildə bu problemlərin, xüsusilə də mövcud stereotiplərin aradan qaldırılması istiqamətində çalışmağın önəmini qeyd edib: “Aparılan təhlillər, qadınların ictimai həyatda fəallığının artmasının onların ailə və cəmiyyətdəki funksiyalarını daha keyfiyyətli və yüksək səviyyədə həyata keçirməsinə səbəb olduğunu deməyə əsas verir. Gender bərabərliyi ölkənin insan potensialının inkişafı və vətəndaş xoşbəxtliyinin təmin olunması baxımından vacib amildir”.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək, bu gün qadınların cəmiyyətin və milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynadıqlarını qeyd edib. “Təhsil, elm, mədəniyyət, iqtisadiyyat, istehsalat və digər bu kimi sahələrdə gender bərabərliyinin təmin edilməsi dövlətimizin hər zaman əsas prioritetlərdən biri olmuşdur və bu gün də belə davam edir”. Ölkədə hər bir sahədə qadınların rolunun daha da artırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edən rektor Elçin Babayev əlavə edib ki, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətinə, ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə, ölkəmizdə idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz töhfəsini verir.
Bakı Dövlət Universitetində 2000-ci ildə “Gender tədqiqatları mərkəzi” və 2002-ci ildə həmin mərkəzin bazasında “Gender və tətbiqi psixologiya” kafedrasının yarandığını bildirən E.Babayev vurğulayıb ki, kafedrada gender bərabərliyi problemi və onun müxtəlif aspektlərinin araşdırılması istiqamətində psixologiya elminin nailiyyətlərindən hərtərəfli istifadə olunması üzrə elmi tədqiqatlar aparılır və bu sahə üzrə mütəxəssislər hazırlanır. “Hazırda bakalavr təhsil səviyyəsində BDU-nun 11 fakültəsində 22 ixtisas üzrə “Genderə giriş” fənni tədris edilir. “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı dərs vəsaiti gender bərabərliyi sahəsində təlimatlandırma ilə bərabər əyani dərs vəsaiti kimi istifadə olunur”.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” kitabının dövlət qulluqçularının gender bərabərliyi sahəsində anlayışlarının daha da artırılmasına müsbət töhfə verəcəyini bildirib. Həmçinin Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikasının əməkdaşlığının bundan sonrakı dövrdə də məhsuldar olacağına inamını qeyd edib.
Rəsmilərin çıxışdan sonra tədbir Kurikulum müəlliflərinin təqdimatları ilə davam edib. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov “Kurikulumun məqsədi, strukturu və həyata keçirilməsi”, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Kurikulumun dövlət qulluğu sistemində tətbiqi və icrası”, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərova “Kurikulumun təhsil sistemində tətbiqi” mövzusunda çıxış edərək, bildiriblər ki, insan hüquqları ölkəmizdə prioritet istiqamətlərdəndir, kişi və qadınların de-fakto və de-yure bərabərliyinin təmin edilməsi hər bir sahədə bərabərliyinin yaradılması deməkdir. Qeyd edilib ki, beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanan kurikulum bu sahədə yaxşı təcrübənin formalaşdırılması, səmərəli idarəçilikdə gender bərabərliyinin daha yaxşı təşviq edilməsi, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması istiqamətlərində tədbirlər barədə onların məlumatlandırılması və digər məsələlər baxımından əhəmiyyətlidir.
“Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın sədri, İctimai şuranın sədri Sahib Məmmədov "Qanunvericilik layihələrinin və qanunların gender ekspertizası problemi" mövzusunda çıxış edərək, gender bərabərliyinin əmək münasibətlərində tənzimlənməsi məsələlərini qeyd edib. O, iş yerində seksual qısnama, bu istiqamətdə işəgötürənlərin öhdəlikləri, eyni zamanda imtahanlar zamanı gender steretioplərinin qarşısının alınması məsələlərinə toxunub.
Tədbir iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə davam edib.