Zaqatala Qadın Resurs Mərkəzinin benefisiarları ilə görüş baş tutub

23 ноября 2021

Поделиться:

23 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə Zaqatala rayonunda məşğulluğuna dəstək göstərilmiş qadınlarla görüş keçirilib.
Belə ki, Dövlət Komitəsinin sədri Bahar Muradova və xarici qonaqlar BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sahibkarlığa və Məşğulluğa iqtisadi Dəstək" layihəsi çərçivəsində yaradılan Zaqatala Qadın Resurs Mərkəzinin benefisiarları olan Şura Osmanova və Hicran Bayramovanın kiçik sahibkarlıq obyektlərinə səfər edərək onların istehsal etdikləri məhsullarla tanış olublar. Özləri haqqında məlumat verən benefisiarlar layihə çərçivəsində müasir avadanlıqlarla təmin olunduqlarını qeyd edərək gələcəkdə öz sahibkarlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikirlərini də müzakirə ediblər. Eyni zamanda onlar istehsal etdikləri məhsulların xüsusi metodlarla hazırladıqları barədə qonaqlara məlumat veriblər.

Görüşdə Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artırılmasının, onların sahibkarlıq fəaliyyətində daha geniş təmsil olunmalarının və məşğulluqlarının təmin edilməsi istiqamətində atılan addımların verdiyi mühüm nəticələrdən danışılıb.

Daha sonra Azərbaycanda qadın sahibkarlığının inkişafına dair fikir mübadiləsi aparılıb, qadın sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.