Xarici qonaqlar Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər

23 ноября 2021

Поделиться:

23 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, rezident əlaqələndirici Vladanka Andreeva, ABŞ Səfirliyinin Missiya rəhbərinin müavini Maykl Dikerson, Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizeman, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Cey Sinqx, UNDP Rezident Nümayəndəsinin vəzifələrini icra edən Charu Bistin iştirakı ilə Zaqatala rayonuna səfər çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzində görüş təşkil edilib.
Görüş zamanı qonaqlara mərkəzdə göstərilən xidmətlər barədə geniş məlumat verilib. Qeyd edilib ki, Zaqatala UADM Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 2010-cu ildən fəaliyyətdədir və əsasən icmada risk qruplu ailələr, uşaqlar və qadınlara xidmət göstərir. Mərkəzdə davranış, nitq və öyrənmə problemi olan uşaqlar üçün aktiv terapiya, ünsiyyət terapiyası və psixoloji dəstək məşğələləri keçirilir.
Fəaliyyətinin əsas hissəsini sosial işin “keys menecment” metodu ilə həyata keçirən mərkəzə, eyni zamanda məişət zorakılığı ilə bağlı müraciətlərin də qəbul olunduğu bildirildi. Zorakılığa məruz qalanların ilkin psixo-sosial qiymətlənləndirməsi aparıldıqdan sonra, onları yerli İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” ilə əlaqələndirərək lazimi psixo-sosial dəstəyin göstərildiyi də qeyd olunub.
​Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən qonaqların sualları cavablandırılıb, görüş müzakirələrlə davam edib.