8 Noyabr – Zəfər Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilir

5 ноября 2021

Поделиться:

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə bölgələrdə silsilə tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda rəsm müsabiqələri təşkil olunur, Vətən müharibəsi şəhidlərinin ailələri və onların məzarları ziyarət edilir.
Şüvəlan, Hacıqabul, Goranboy, Sabirabad, Qəbələ, Zaqatala UADM-lərin təşkilatçılığı ilə rayonlarda yerləşən Heydər Əliyev Mərkəzlərində, təhsil müəssisələrində rəsm müsabiqələri və sərgilər təşkil olunub. Müsabiqələrdə Vətən müharibəsi iştirakçılarının övladları, məktəblilər və mərkəzlərin xidmətlərindən yararlanan uşaqlar iştirak ediblər.
Gənc istedadlar çəkdikləri rəsm əsərlərində 44 gün davam edən Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərimizi təsvir ediblər. Müsabiqə iştirakçılarına diplom və sertifikatlar təqdim olunub.
Şüvəlan UADM-in kollektivi isə şəhid ailələri və qazilərlə birlikdə “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib və Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazandığımız böyük Qələbəyə həsr olunan “Zəfər” yarmarkasında iştirak ediblər. Yarmarkada həyata keçirilən “Əsgərə məktub” layihəsinə qoşulan şəhid anaları Vətənin keşiyində duran Azərbaycan əsgərinə olan inam və fəxrlərini əks etdirən məktublar yazıblar.
Həmçinin Zəfər Günü çərçivəsində İsmayıllı UADM-in yeni istifadəyə verilmiş inzibati binasında şəhid anaları ilə ilk icma görüşü keçirilib, Zərdab, Qəbələ, Saatlı, Sabirabad UADM-ləri də şəhid və qazi ailələri ilə görüşərək, onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.