Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri mövzusunda tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq 27 oktyabr 2021-ci il tarixində erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri mövzusunda İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, erkən nikah və qohumlar arasında bağlanan nikahların cəmiyyətimizi narahat edən problemlərdən biri olduğunu qeyd edib, belə nikahların mənfi nəticələri barədə ətraflı danışıb. Eyni zamanda K.Əliyeva çıxışında erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ- hüquqi sənədlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai - Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxışında erkən nikahın qızların sağlamlığına və psixoloji durumuna mənfi təsir göstərdiyini, arzuolunmaz hamiləliyə, ana və körpə ölümünə səbəb olduğunu, qızların reproduktiv sisteminin pozulmasına gətirib çıxardığını vurğulayaraq, yeniyetmə və gənc qızlara ailənin nə olduğunu tam anladıqdan sonra, ailə həyatına fizioloji və psixoloji cəhətdən tam hazır olduqdan sonra ailə həyatı qurmağı tövsiyə edib.
Yekunda İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Yaqut çıxış edərək, belə tədbirlərin keçirilməsinin vacibliyini bildirib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Komitə tərəfindən hazırlanan “Erkən nikah – uşaqlığımızı əlimizdən almayın”, “Erkən nikah-uşaq evliliyi”, “Erkən nikaha YOX deyirik!” adlı sosial çarxlar nümayiş etdirilib, “Qan qohumları arasında nikah və onun fəsadları” və “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı bukletlər paylanılıb.