Yay məktəbinin ilk həftəsinin yekun tədbiri keçirilib

3 сентября 2021

Поделиться:

3 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Lider olmaq istəyirəm!” yay məktəbinin ilk həftəsinin yekun tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə uşaqlarla səmimi söhbət edən Dövlət Komitəsinin sədri Bahar Muradova onların yay məktəbi ilə bağlı təəssüratlarını öyrənib, təklif və fikirlərini dinləyib.
Aparıcı Səma Əliyeva tədbir iştirakçılarını salamlayaraq sözü Dövlət Komitəsinin sədri Bahar Muradovaya verib.
Bahar Muradova yay məktəbini uğurla başa vuran uşaqları təbrik edərək, bu gün Azərbaycanın çox əhəmiyyətli dövrlərini yaşadığını qeyd edib: "Siz belə mühüm hadisələrə şahid olduğunuz üçün çox xoşbəxtsiniz. Bütün bu proseslərin şahidi kimi gördüklərinizi, möhtəşəm qələbəmizi, yaşanan unudulmaz anları gələcək nəsillərə öz dilinizdən danışmaq imkanınız var".
Uşaq iştirakçılığının təmin edilməsi baxımından uşaqlar üçün təşkil edilən yay məktəbi layihəsinin əhəmiyyətinə diqqət çəkən sədr B.Muradova bu layihənin dövlət uşaq siyasətinin həyata keçirilməsinə, o cümlədən, uşaqların asudə vaxtının səmərəli təşkili və liderlik keyfiyyətlərinin formalaşdırılması baxımından öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, uşaqların burada yeni biliklər qazandığını, yeni insanlarla tanış olduqlarını və gözəl vaxt keçirdiklərini qeyd edərək, bu yay məktəbinin onların həyatında maraqlı və unudulmaz bir səhifə kimi yadda qalacağını bildirib.
Daha sonra Gülay Əliyeva iştirakçılar adından yay məktəbinin yekunları və nəticələri ilə bağlı təqdimatla çıxış edib. Dövlət qurumları, qeyri-hökümət təşkilatlarından olan mütəxəssislər, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlərin iştirakı ilə keçirilən təlimlər və görüşlər, müxtəlif səfər və əyləncə saatları barədə ətraflı məlumat verilib, əldə edilən nəticələr qeyd olunub.
Təqdimatdan sonra iştirakçılar layihənin təşkilatçısı olan Dövlət Komitəsinə, o cümlədən təlimçi və mütəxəssislərə, onlarla görüşə gələn dövlət nümayəndələrinə öz təcrübələrini bölüşdükləri, yeni biliklərlə tanış etdiklərinə görə minnətdarlıqlarını bildirib, yay məktəbində keçirdikləri səmərəli vaxtın ən xoş xatirələrlə yaddaşlarında qalacağını qeyd ediblər.
Tədbirin davamında Ayxan Əlizadə rubik kublarından Ulu öndər Heydər Əliyevin təsvirini yaradaraq hər kəsi qeyri-adi istedadı ilə təəccübləndirib.
Sonda Bahar Muradova iştirakçılara sertifikatlar təqdim edib, eləcə də həftə ərzində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaliblərini diplom və hədiyyələrlə mükafatlandırıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xatirə şəkli çədirilib.
Qeyd edək ki, növbəti həftə ikinci qrupla davam edəcək yay məktəbinin keçirilməsində məqsəd uşaqlarda liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də onları Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştiraka hazırlamaq, müzakirə ediləcək mövzular barədə məlumat verməkdir.