Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edir
Поделиться:
Kütləvi informasiya vasitələri hər zaman olduğu kimi, bu gün də həyatımızda önəmli yer tutaraq, cəmiyyətin məlumatlandırılmasında birbaşa iştirak edir. İnformasiya əsrlər boyu, eləcə də müasir qloballaşma dövründə toplumun mütərəqqi inkişafının vacib amillərindən birinə çevrilmişdir.
Azərbaycan milli mətbuatının da formalaşma mərhələsi mürəkkəb inkişaf yolu keçərək, müasir səviyyəyə çatmışdır. 1875-ci ildə dövrünün ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşr olunması sayəsində milli mətbuatımızın əsası qoyulmuşdur. Bəşəri dəyərlərin milli ənənələrlə vəhdəti, maariflənmə, müasirləşmə, hadisələrin doğru və düzgün işıqlandırılması kimi prinsipləri özündə əks etdirən “Əkinçi” Azərbaycan mətbuatının gələcək inkişafı üçün təməl daşı rolunu oynayaraq, özündən sonrakı qəzet və jurnalların nəşrinə parlaq yol açmışdır.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə söz və məlumat azadlığının, eyni zamanda, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində geniş imkanlar yaradılmışdır. Ümummilli Llider Heydər Əliyevin müstəsna səyləri nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, dövlətin və cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə xidmət edən əməli işlər görülmüşdür.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın cəmiyyətdəki rolunun daha da artırılması və fəaliyyətinin təkmilləşdirilərək, müasir dövrün tələblərinə uyğunlaşdırılması, sağlam və milli-mənəvi dəyərlərə önəm verən medianın inkişafı istiqamətində vacib tədbirlər həyata keçirilir.
Media sahəsində görülən əhəmiyyətli tədbirlər jurnalistlər tərəfindən razılıq və maraqla qarşılanır. Media nümayəndələri də, öz növbəsində, peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə özünüinkişaf istiqamətində səylərini gücləndirirlər. Jurnalist etikasına xüsusi həssaslıqla yanaşan jurnalistlər “Əkinçi” qəzetinin zəngin ənənələrini bu gün də uğurla davam etdirirlər.
Xüsusilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi dövründə medianın danılmaz rolu özünü daha aydın şəkildə göstərdi. Müharibə zamanı informasiya cəbhəsində vuruşan media nümayəndələri həqiqətlərin dünya mediasına çatdırılmasında böyük fədakarlıq nümayiş etdirdilər.
Ölkədə qadın və uşaq hüquqları ilə bağlı məlumatların işıqlandırılması, milli-mənəvi və ailə dəyərlərinin təbliği, eyni zamanda gender stereotiplərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Cəmiyyətin aparıcı qüvvələrindən biri kimi media qurumları baş verən hadisələri çevik, operativ və düzgün qaydada əhaliyə çatdırmaqla dövlətin bu istiqamətdəki siyasətinə mühüm töhfələr verirlər.
Biz də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, öz peşəsini ürəkdən sevərək xalqın məlumatlandırılmasına xidmət edən media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirir və əməkdaşlığımıza xüsusi önəm veririk.
Hörmətli media nümayəndələri,
Sizi bir daha Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.