“Pandemiya dövründə uşaqların ailələrdə zorakılıq hallarından qorunmasına dair innovativ təcrübələr” mövzusunda onlayn təlim keçirilir

22 апреля 2021

Поделиться:

22 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə TAİEX layihəsi çərçivəsində “Pandemiya dövründə uşaqların ailələrdə zorakılıq hallarından qorunmasına dair innovativ təcrübələr” mövzusunda 2 günlük beynəlxalq seminara start verilib.

Layihənin məqsədi Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaq və ailələrə göstərilən xidmətlərin gücləndirilməsi, psixo-sosial işin təkmilləşdirilməsi, xüsusi karantin və sosial izolyasiya dövründə uşaq hüquqlarının müdafiəsi  üzrə Avropa ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsidir.

2 günlük seminarda  uşaqların sağlamlığının qorunması, keyfiyyətli səhiyyə və təhsilə çıxış imkanlarının artırılması üzrə təqdimatlar və pandemiya dövründə uşaq iştirakının təmin edilməsinin və onların aktiv vətəndaşlara çevrilməsinin vacibliyi barədə praktik təcrübələr bölüşüləcək. Eyni zamanda post pandemiya dövründə uşaqlar üçün spesifik konsultasiyaların təşkili zamanı istifadə olunan professional texnikalar barədə mütəxəssislərə nəzəri biliklərin verilməsi nəzərdə tutulub.

Seminarda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirakçıları salamlayaraq, təlimin işinə uğurlar arzu edib. Artıq 1 ildən çoxdur ki, bütün dünyada COVİD-19 pandemiyasının tüğyan etdiyini qeyd edən C. Rəhmətullayeva bildirib ki, hamı üçün eyni olan bu problemin nəticələrindən daha çox qadın və uşaqlar əziyyət çəkmişdir: “Statistikaya nəzər salsaq görərik ki, bütün dünyada pandemiya dövründə zorakılıq hallarında artım müşahidə olunmuşdur. Bir ailədə zorakılıq varsa, bundan daha çox uşaqlar zərər görür. Eyni zamanda uşaqlar onlayn platformada da zorakılıqla üzləşirlər. Pandemiya dövründə onlayn zorakılıq hallarının artması da müşahidə olunmaqdadır.”

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da pandemiyanın başladığı ilk günlərdən dövlət səviyyəsində bütün sahələrdə olduğu kimi uşaq müdafiəsi sahəsində də təcili təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Komitə rəsmisi bildirib ki, biz Avropa Şurasının üzvü olaraq təşkilatın uşaq hüquqları üzrə müxtəlif komitələrində bu sahədə keçirilən bütün təşəbbüslərə, konfranslara qoşularaq təkliflərimizi veririk. C.Rəhmətullayeva Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin iştirakı ilə icmalarda işin qurulması, onlayn təhlükəsizlik üzrə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini, eyni zamanda psixo-sosial dəstək layihələrinin icra edildiyini vurğlayıb.

C.Rəhmətullayeva xüsusilə diqqətə çatdırıb ki, Azərbaycan uşaqları son 1  il ərzində pandemiya ilə yanaşı, həm də 44 günlük Vətən müharibəsini də yaşadılar. Bu müharibə dövründə münaqişə zonasına yaxın olmayan şəhərlərin uşaqları erməni terrorunun qurbanı oldular: “Terror nəticəsində 12 uşaq qətlə yetirildi, 50 uşaq yaralandı. Mərkəzlərin mütəxəssisləri həm də müharibədən zərərçəkən, post müharibə dövründə böyük stress və travmalar almış uşaq və ailələrlə yaxından çalışırlar. Bu baxımdan da təşkil olunan 2 günlük beynəlxalq seminar onların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edəcək.” –deyə o çıxışına əlavə edib.

Qeyd edək ki, təlimlərdə İsveç Respublikasının Uşaq Ombudsmanı Elizabet Dahlin, İspaniya, Xorvatiya, Estoniya və Niderland Krallığı kimi ölkələrin yüksək səviyyəli rəsmiləri və uşaq inkişafı mütəxəssisləri iştirak edəcək.