Sədaqət Qəhrəmanova və Vendi Morton qadın sığınacağını ziyarət ediblər

9 февраля 2021

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Birləşmiş Krallığın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağını ziyarət ediblər.Vendi Morton sığınacaqda olan qadınlarla görüşüb və onlara göstərilən qayğı ilə maraqlanıb.

Görüş zamanı “Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini nəzərə çatdıran Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, zorakılıqla mübarizə sahəsində dövlət səviyyəsində görülən işlərdən danışıb. O, yerli icra hakimiyyətləri nəzdində yaradılan gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının, məişət zorakılığı üzrə məlumat bankının fəaliyyəti haqqında ətraflı məlumat verərək bu sahədə mübarizənin gücləndirilməsi məqsədilə 860 qaynar xəttinin yaradıldığı qeyd edib.

Nazir Morton, Azərbaycanda qadınların ümumi seçki hüququnun Birləşmiş Krallıqdan 9 il əvvəl əldə etməsindən bəhs edərək, bu gün qadın hüquqlarının təşviqi, qadınların perspektivlərinin hər səviyyələrdə eşidilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə müzakirələr apardığını bildirib.

Görüşün davamında məişət zorakılığının qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.