Erkən nikah – günümüzün aktual problemi

9 февраля 2021

Поделиться:

AR Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.

Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu  göstəricinin azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə bu rəqəm azalaraq 2320 təşkil edib.

            Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Sənədin layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla hazırlanmışdır.

Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları  müəyyən edilib.

İlk dəfə olaraq məhz bu sənəddə “erkən nikah”, “qohumlar arasında nikah” və “erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” anlayışlarının izahı verilib. Qaydada erkən nikah - 18 yaşadəkşəxslə bağlanmış nikah hesab edilir. Qohumlar arasında nikah dedikdə isə baba və (və ya) nənəsiümumi olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur.

Qaydanın 1.2-ci bəndində gənclər arasında maarifləndirmə sahəsində tədbirləri həyata keçirən dövlət qurumların siyahısı və onların vəzifələri da açıqlanır:

Təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Qurumlararası əlaqələndirmənin operativliyini və effektivliyinin təmin edilməsi məqsədilə Qaydada qeyd olunan dövlət qurumlarını təmsil edən məsul şəxslər təyin olunmuşdur.

2021-ci ilin yanvar ayında Qaydanın müvafiq bəndlərinin icrası istiqamətində Komitə tərəfindən ilkin hesabat hazırlanmış, Komitənin rəsmi saytında dərc edilmiş və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilmişdir.  Hesabatda aidiyyəti qurumların 2020-ci ilin iyul-dekabr ayları ərzində  üzərinə düşən vəzifələrin icrası ilə bağlı məlumatlar öz əksini tapmışdır.

Baxmayaraq ki, COVİD-19 pandemiyası  ilə bağlı ölkəmizdə xüsusi karantin rejimi elan edilmişdir, digər dövlət qurumları kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz fəaliyyətini rejimə uyğun formatda davam etdirməyə çalışmışdır.

Hesabata əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri Qaydada qeyd olunan digər aidiyyəti qurumlar, o cümlədən, yerli icra hakimiyyətləri tərəfindən beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq çərçivəsində yeniyetmə (9-11-ci siniflər) və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirilmişdir. Maarifləndirici və metodoloji vəsaitlər dərc edilmiş, sosial reklamlar və çarxlar hazırlanaraq yayılmış və digər bu kimi tədbirlər həyata keçirilmişdir. Yerli icra hakimiyyətləri tərəfindən belə halların qarşısının alınması istiqamətində ailələrlə görüşlər keçirilib, müvafiq tədbirlər görülüb.

Xüsusilə qeyd etmək lazımdır ki, Qaydadan irəli gələn vəzifələrin icrası istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına Qərar barədə məlumat verilib, onların məskunlaşdığı dövlətlərdə pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarına riayət etmək şərti ilə lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün təlimat göndərilib. Videoformatda təşkil edilən görüşlər, habelə vətəndaşlarımız tərəfindən nümayəndəliklərə edilən müxtəlif növ müraciətlər zamanı erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları barədə məlumatlandırma işləri aparılıb. Həmçinin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlar nümayəndəliklərin konsulluq bölmələrinin qəbul otaqlarında yerləşdirilib və konsulun qəbuluna gələn şəxslərin bu məlumatlarla tanışlığı təmin olunub. Nümayəndəliklər tərəfindən  daxil olan məlumatlara əsasən erkən yaşda olan şəxslərin nikahın bağlanmasına dair müraciətləri qeydə alınmayıb.

Eyni zamanda Komitə tərəfindən erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair araşdırmalar aparılır, təhlillər hazırlanır.

Bundan əlavə, Qaydanın icrasının səmərəliyinin artırılması, aidiyyəti qurumların birgə fəaliyyətinin uğurlu formada təşkili  məqsədilə dövlət qurumları tərəfindən təqdim olunan təkliflər əsasında Qaydadan  irəli gələn öhdəlikləri özündə birləşdirən 2021-ci il üçün İş Planı hazırlanmış və sözügedən qurumlara göndərilmişdir.

Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.

Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir.

Odur ki, Dövlət Komitəsi belə hallarla üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət edilməsini tövsiyə edir.