Repatriasiya edilmiş uşaqlar üçün mövcud pandemiya şəraitində virtual təhsil proqramına başlanılıb
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İraq Respublikasından 2018-2020-ci illərdə Azərbaycan Respublikasına repatriasiya edilmiş, ölkə vətəndaşı olan uşaqlardan yüz on nəfərin pandemiya dövründə təhsilə cəlb edilməsi, onlarla və qəyyum ailələri ilə məsafədən psixoloji, hüquqi və sosial işin aparılması istiqamətində fəaliyyətini davam etdirir.
Komitə tərəfindən onlayn dərslərin keçirilməsi məqsədi ilə tədrisə cəlb edilən müəllim heyəti üçün Təhsil Nazirliyinin, Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə onlayn görüşün, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin psixoloqları və təhsil ekspertinin iştirakı ilə 22 iyul 2020-ci il tarixindən etibarən üç günlük onlayn təlimlərin keçirilməsinə başlanılıb. Təhsilə cəlb edilməsi nəzərdə tutulan yüz on altı uşaq Təhsil Nazirliyinin ekspertləri tərəfindən qiymətləndirilərək yaşına və təhsil ehtiyacına uyğun olaraq iyirmi dörd qrupa bölünmüş və dərs kecəcək on iki nəfər müəllim heyəti müəyyən edilmişdir. Dərslər azərbaycan dili, riyaziyyat fənnlərini və dünya görüşü üzrə bilikləri əhatə edəcəkdir.
Virtual dərslərin 4 avqust 2020- ci il tarixindən başlanması nəzərdə tutulur. Bu məqsədlə onlayn xidmətlərin təşkilinin səmərəliliyinin artırılması üçün sosial təcrid vəziyyətində yaşayan, həssas təbəqədən olan yüz doqquz qəyyum ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, UNİCEF və Beynəlxaql Qızıl Xaç Komitəsinin dəstəyi ilə planşetlər alınmışdır. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən uşaqların yaşadıqları rayonlar üzrə icra hakimiyyətlərinin müvafiq nümayəndəsi ilə birgə planşetlərin ailələrə təqdim edilməsi prosesinə başlanılmışdır.
Qeyd edək ki, repatriasiya edilmiş uşaqlar qəyyumluğa verildikdən sonra hal-hazırda Bakı, Sumqayıt və Gəncə şəhərləri də daxil olmaqla ölkənin iyirmi üç rayonunda yaşayırlar.