“Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunacaq

31 may 2023

Paylaş:

            Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun 2023-cü il tarixində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunacaq. Rəsmi açılış mərasimi saat 16:00-da baş tutacaq.                                                                        

Şənlikdə sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və qazi övladları, qeyri-millətlərdən olan uşaqlar, uşaq evi sakinləri, sığınacaqlarda müvəqqəti yaşayan uşaqlar, o cümlədən Bakının 12 rayonu və Zəngilanın Ağalı kəndini təmsil edən uşaqlar, habelə Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər” Məclisi üzvləri daxil olmaqla ümumilikdə 400 uşaq iştirak edəcək.           

Bakı Su İdman Sarayına məxsus ərazidə baş tutacaq tədbirdə, “Lider olmaq istəyirəm”, “Valideynlər və biz”, “STEAM laboratoriyası”, “Şahmat saatı”, “Art studio”“Eko məkan” adlı 6 guşədə müxtəlif  sahələr üzrə  master-klassların, interaktiv oyunların və təlimlərin keçirilməsi nəzərdə tutulur.            Eyni zamanda, “Dövlət uşaq siyasəti” adlı video-çarx nümayiş etdiriləcək və uşaqların ifasında musiqilər səsləndiriləcək.

Tədbir çərçivəsində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, interaktiv oyunların keçirilməsi istiqamətində “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə  start veriləcək.