“Arzulara qanad verək!” qanvermə aksiyası keçirilib

15 aprel 2022

Paylaş:

Xüsusi qayğıya ehtiyacı olan uşaqların ictimai həyatın bütün sahələrində iştirakını təmin etmək, eləcə də onlar üçün bərabər imkanlar yaratmaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Dövlət Komitəsinin mütəmadi olaraq bu mövzuda keçirdiyi tədbirlərin davamı kimi 15 aprel 2022-ci il tarixində Gəncə şəhərində Mərkəzi Qan Bankı və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində növbəti qanvermə aksiyası keçirilib. “Arzulara qanad verək!” adlı aksiyada 250 nəfər iştirak edib.
Gəncə şəhərində fəaliyyət göstərən “Azəralüminium” MMC-nin sənaye müəssisəsində baş tutan aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılmasına dəstək göstərməkdir.
Bir daha aksiyada fəal iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!