Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edib

28 dekabr 2021

Paylaş:

28 dekabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər keçirilib.
Tədbirdə şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar və mərkəzin benefisiarları iştirak ediblər.
Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, hər kəsi bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini, həmvətənlərimizin birliyini, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb.
B. Muradova bildirib ki, Azərbaycan dövləti, Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uşaqların xoşbəxt və firavan yaşaması, əsl vətəndaş kimi yetişmələri üçün lazım olan hər bir şərait təmin edilir. Azərbaycanın Vətən müharibəsini böyük qələbə ilə bitirdiyini və hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edən Dövlət Komitəsinin sədri bildirib ki, vaxtilə sizin yaşda Qarabağdan didərgin düşmüş uşaqlar indi öz evlərinə qayıdacaqlar və bu bayramı daha yüksək əhval-ruhiyyə ilə keçirəcəyik. Bahar Muradova növbəti 2022-ci ildə də ölkəmizin böyük uğurlar əldə edəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində uşaqlar üçün bədii-əyləncəli proqram təşkil olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim edilib.
Ümumilikdə, 100 uşağın iştirak etdiyi tədbirlər xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.