Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 5-ci iclası keçirilib

15 oktyabr 2021

Paylaş:

14 oktyabr 2021-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 5-ci iclası keçirilib.

İdarəetmə Komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini - benefisiar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova, Litva və Avstriya tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri Audra Mikalauskaitė və Sabine Mandl, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.

Benefisiar üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova iclası açıq elan edərək iştirakçıları salamlayıb.
“Son bir il ərzində Tvinninq layihəsi tərəfindən kifayət qədər təhlillər aparılıb. Biz qısa zaman öncə nümayəndə heyəti ilə birlikdə Litva və Avstriyaya səfər etdik. Səfər zamanı belə bir ortaq məxrəcə gəldik ki, bizim məişət zorakılığı ilə mübarizə tədbirləri baxımından oxşar cəhətlərimiz daha çoxdur. Hər üç tərəfdaş ölkənin məişət zorakılığının qarşısının alınması istiqamətində atdığı addımlar oxşardır” deyə layihə rəhbəri qeyd edib. Sabunçu rayonunda pilot layihə olaraq yerli bələdiyyələrdə yaradılmış gender Komissiyaları haqqında məlumat verən Sədr müavini əlavə edib ki, gələcəkdə digər şəhər və rayonlarda da eyni təcrübənin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulub.

Daha sonra Litvanı və Avstriyanı təmsil edən layihə rəhbərləri Audra Mikalauskaitė və Sabine Mandl çıxış edərək müvafiq olaraq səmimi qəbula görə AQUPDK-nın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Öz növbəsində, layihənin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis layihənin icrası istiqamətində cari ilin iyun ayının 1-dən avqust ayının 31-nə qədər görülmüş işləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
“Ötən dövr ərzində 90 ekspert missiyası günü həyata keçirilib. Ekspert missiyalarının əksəriyyəti layihənin 2-ci Komponenti çərçivəsində icra olunub,” deyə Totoraitis bildirib. “Məişət zorakılığı göstəriciləri, istiqamətləndirmə qaydaları və risk qiymətləndirmə ilə bağlı “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planına” uyğun olaraq hakimlər üçün təlim keçirilib. Həmin təlimin kitabçası işlənib hazırlanıb. Təlimlərin video yazısı da hazırlanıb və AQUPDK-nin sosial media səhifəsinə yerləşdiriləcək,” deyə layihə kordinatoru əlavə edib.

Daha sonra layihənin Litva tərəfindən icraçı qurumu olan ESFA-nın əməkdaşı Daiva Rigertinye cari dövr üçün layihənin maliyyə vəziyyəti barədə məlumat verib.

Sonda Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı 5-ci rüblük hesabat ilə bağlı öz fikirlərini bildirib.

Qeyd edək ki, icrasına 2020-ci ilin sentyabr ayında start verilmiş Tvinninq layihəsinin məqsədi Avropa İttifaqı standartlarına uyğunlaşma prosesində məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsini və onlara dəstəyi gücləndirməkdən ibarətdir.