20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirildi
Поделиться:
19 yanvar 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar faciəsinin ildönümü münasibətilə Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində anım tədbiri keçirib.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, rayon rəhbərliyinin, rayon icmasının və 20 yanvar hadisəsindən zərər çəkmiş ailələrin iştirakı ilə baş tutub.
Tədbirdən əvvəl uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Azərbaycan Respubikasının Dövlət Himni səsləndirilib. 20 yanvar hadisələrinə aid video görüntülərin nümayişi zamanı uşaqların vətənpərvərlik mövzusunda şeir kompozisiyası təqdim olunub.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 28 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.”
Sonra 20 yanvar şəhidlərinin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Hicran Hüseynova bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğunu qeyd edərək bildirib ki, həmin gün Azərbaycan xalqı çox ağır imtahan verdi: “Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, bu qanlı cinayətə görə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.”
Qeyd edilib ki, qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında yüz qırx yeddi nəfər (147) qətlə yetirilmiş, yeddi yüz qırx dörd nəfər (744) yaralanmış, səkkiz yüz qırx bir (841) nəfər qanunsuz həbs olunmuş, onlardan yüz on iki (112) nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var idi.
Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub: “Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Onun rəhbərliyi ilə təkcə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Və mən qeyd etmək istərdim ki, yalnız 20 yanvar şəhidlərinin, veteranlarının deyil, bütövlükdə əhalinin bütün təbəqələrinin rifahının yaxşılaşdırılması, onlar üçün geniş və rahat şəraitin yaradılması, hüquqlarının müdafiə edilməsi sahəsində ölkə başçımızın rəhbərliyi ilə çox güclü sosial siyasət həyata keçirilir.”
Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev çıxış edərək bildirib ki, o qanlı hadisə baş verən zaman vətənin mübarizəsinə təkcə azərbaycanlılar deyil, eyni zamanda ölkəmizdə məskunlaşan digər millətlərin nümayəndələri də qalxmışdılar, onlar da Azərbaycanı öz vətənləri hesab edərək, onun yolunda şəhid olmağı fəxr bilmişdilər. Bu həm də, ölkəmizin multikultural dövlət olduğunu göstərirdi. İcra başçısının müavini diqqətə çatdırıb ki, bu gün Azərbaycan öz müstəqilliyinin, inkişafının yüksək dövrünü yaşayır. Bu il cənab Prezident İlham Əliyev tərəfindən “Cümhuriyyət ili” elan olunub. Bundan əvvəlki illər isə “İslam Həmrəyliyi ili” və “Multikulturalizm ili” kimi qeyd olunmuşdur. Bütün bu sadalananlar ölkəmizin multikulturalizmə, digər millətlərə olan müsbət münasibətinin göstəricisidir.
Xəzər rayonu YAP-ın sədri Namiq Əhmədov çıxışında qeyd edib ki, şəhidlik böyük zirvədir və hər kəsə nəsib olmur. Gərək cəsur, mərd, igid, mübariz, vətəni ürəkdən sevən bir vətəndaş olasan ki, bu ada layiq ola biləsən. O bildirib ki, 20 yanvar hadisəsi nə qədər ağrılı, faciəli olsa da, bir o qədər də qürurludur, biz onlarla fəxr edirik. O, 2016-cı il aprel döyüşlərini də xüsusilə qeyd edərək diqqətə çatdırıb ki, həmin o döyüşlərdə nə qədər şəhidlər verdik, bütün millət onlarla vida mərasiminə yığışmışdı, bu, millətimizin birliyini göstərirdi, bunun müqabilində isə Cocuq Mərcanlını geri aldıq, bu əsl qürur duyulası hadisələrdən idi.
Şağan Bədədiyyəsinin sədri, Xəzər Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov bildirib ki, şəhidlər, alimlər və peyğəmbərlər Allah dərgahında sorğu-sual edilməz. O, hər birimizin həmin hadisələrin iştirakçısı olduğumuzun, o anları yaşamağımızın şəhidlik qədər hiss etdirdiyini qeyd edib.
Xəzər rayonu YAP Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva çıxış edərək, Qanlı 20 yanvarın tarixindən bəhs edərək bildiriblər ki, Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır. O, bu gün firavan bir ölkədə yaşadığımız, uşaqlarımızı vətənpərvəlik ruhunda böyütdüyümüz üçün xoşbəxt olduğumuzu vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın 20 yanvar şəhid ailələri və həmin vaxt xəsarət alanların ailələri ilə görüşü keşirilib.
Tədbir çərçivəsində 20 yanvar hadisələrindən xəsarət almış 22 ailəyə ərzaq yardımı edilib.