Görkəmli ictimai xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 95 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi
Поделиться:
18 yanvar 2018-ci il tarixində Hökumət Evinin Akt zalında Azərbaycan qadın hərəkatında ictimai-siyasi rolu olan görkəmli qadın kimi tanınan Zəhra Quliyevanın 95 illik yubileyi qeyd olunub.
Anım mərasimindən əvvəl tədbir iştirakçıları İkinci Fəxri Xiyabanda tibb elmləri doktoru, əməkdar elm xadimi Zəhra Quliyevanın məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, Z.Quliyevanın əlamətdar yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətini qeyd edib. Sonra görməkli elm xadiminin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Zəhra Quliyevanın Azərbaycan qadın hərəkatındakı mühüm rolundan bəhs edərək onun Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyətindən söz açıb. O bildirib ki, Z. Quliyeva dünyanın bir çox ölkələrində keçirilmiş qurultaylar, elmi simpoziumlar, yüksək səviyyəli toplantılarda iştirak edib, beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını təmsil edib: “Zəhra Quliyeva hələ gənc yaşlarından respublikanın ictimai-mədəni həyatında fəal iştirak etmişdir. Azərbaycan qadınının görkəmli nümayəndəsi kimi o, dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin deputatı seçilmişdir. Eyni zamanda müxtəlif beynəlxalq cəmiyyətlərin və şuraların üzvü olmuşdur. Dünyanın bir çox ölkələrində keçirilmiş qadın qurultaylarında, elmi simpoziumlarda, sülh günlərində, yüksək səviyyəli toplantılarda iştirak və məruzə etmiş, bir çox beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını təmsil etmişdir.”
Hicran Hüseynova diqqətə çatdırıb ki, məhz zəhmətkeş və səmərəli fəaliyyətinin nəticəsi idi ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixində imzaladığı Fərman ilə yaradılmış Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Zəhra Quliyevanı təyin etmişdi. Bu böyük fədakarlıq tələb edən təyinatla Z.Quliyeva öz problemlərini unudaraq bütün fikrini ölkədə qadın məsələlərinin dövlət səviyyəsində həllinə yönəlməsinə səbəb olmuşdur. Ümummilli Lider Zəhra xanımın bütün işgüzar fəaliyyətini yüksək qiymətləndirərək bu vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edərək könül rahatlığı ilə bu addımı atmışdır.
Dövlət Komitəsin sədri bildirib ki, Zəhra xanım təkcə öz övladlarına deyil, minlərlə insana qayğı ilə yanaşmış, onların dərdlərinə şərik olmuşdur. Hamı onu ziyalı, vətənpərvər, mədəni, qayğıkeş, xeyirxah, humanist, gözəl qadın kimi tanıyır. Zəhra Quliyeva mənalı ömür yaşayaraq, özündən sonra nümunə olacaq alim ömrü qoyub getmişdir.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bildirib ki, görkəmli alimin humanistliyi, insanpərvərliyi, qəlbinin gözəlliyi sanki üzünə vurmuşdu. O, yorulmaq bilmədən ən ucqar kəndlərə belə gedir, ağır vəziyyətdə olan xəstələri müalicə edirdi. Gözləmirdi ki, xəstə insanlar gəlib onu tapsınlar, o özü təşəbbüs göstərərək, həmin insanların vəziyyətini göz önünə gətirərək onları axtarıb tapır, müalicələrinə çalışırdı. Ombudsman Zəhra xanımın görkəmli oftalmoloq, akademik alim Zərifə xanım Əliyeva ilə birlikdə traxoma xəstəliyinin müalicəsi istiqamətində bütün güclərini səfərbər etdiyini qeyd edib.
Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, Zəhra Quliyeva Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşlarından olmuşdur. O, Zəhra xanımın böyüyüb boya başa çatdığı, tərbiyə aldığı ailədən bəhs edərək, ailə mühitinin də onun müsbət xarakterlərinin formalaşmasına olan əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Z.Quliyeva o qədər sadə, təvazökar insan idi ki, gördüyü işləri heç bir zaman sadalamazdı.
ATU-nin Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, BDU Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Mömunət Ömərova, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Məhbubə Vəliyeva, Miniatür kitab evinin rəhbəri, ictimai xadim Zərifə Salahova, Həmkarlar İttifaqı Konfederasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzin sədri Cəmilə Səttarova çıxış edərək Zəhra Quliyeva ilə olan xatirələrini bölüşüblər. Qeyd edilib ki, Zəhra xanım zamanı qabalayan geniş təəfəkkürə, yüksək istedada malik, alim həkim, hərtərəfli mükəmməl, ziyalı insan idi. Onun qoyub getdiyi məktəb hər birimiz üçün örnəkdir.
Tədbirin sonunda Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş olunub.