Dövlət Komitəsinin sədri 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfransda çıxış edib
Поделиться:
14 dekabr 2017-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutu BMT-nin Azərbaycan nümayəndəliyi ilə birgə 10 dekabr - Ümumdünya İnsan Hüquqları gününə həsr olunmuş konfrans keçirib.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafazadə bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 ili tamam olur. O deyib ki, bu gün dünya üçün aktual problem terrorizm və ekstremizmdir: "Azərbaycan da 25 ildən çoxdur erməni terrorundan əziyyət çəkir. Terror bütün dünyanı təhdid edir. Biz ümid edirik ki, BMT bu problemlərin həllinə yardımçı olacaq və dünya ölkələri onun ətrafında sıx birləşəcək"
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın insan haqları ilə bağlı verilmiş tövsiyələrə əməl etdiyini, öhdəliklərini icra etdiyini diqqətə çatdırıb: "Azərbaycan insan haqlarına olan hörmətini nümayiş etdirir. Azərbaycan insan haqları sahəsində BMT ilə birgə iştirak etmək niyyətində olduğunu bildirib və buna razılıq verib. İnsan hüquqları Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. İnsanların hüquqlarının qorunması bizim hər birimizdən asılıdır".
Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının videomüraciəti nümayiş olunub. Daha sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarının qorunması sahəsində Ombudsman institutunun rolu" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyada ekstremizm, zorakılıq, terrorçuluq və hərbi münaqişələrin sayı artmaqdadır: "Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsiz, dostluq şəraitində yaşayırlar". Çıxışının sonunda isə Komitə sədri qeyd etmişdir ki, “İnsan hüquqlarının müdafiəsi seçimli olmamalıdır. Cinsindən, dinindən, milli mənsubluğundan, dilindən, dini etiqadından asılı olmayaraq bütün insanlar üçün insan hüquqları sahəsində eyni müdafiə mexanizmi işlənib hazırlanmalıdır. Yoxsa, biz hər zaman aqresiya, genosd və diskriminasiya ilə üzləşəcəyik.”
Konfransda Milli Məclisin üzvü Hikmət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev və digərləri çıxış ediblər.
Tədbirdə müzakirələr zamanı Komitə sədri Hicran Hüseynova qeyd edib ki, hər bir məsələnin arxasında düzgün statistik məlumatlar dayanmalıdır: “Ən inkişaf etmiş ölkələrdə belə, insan hüquqları, o cümlədən, qadın və uşaq hüquqları tam şəkildə müdafiə olunmur. Bizim ölkəmizdə isə davamlı olaraq, bu sahədə dövlət tərəfindən mühüm addımlar atılır, qanunvericilik bazası təkmilləşdirilir, yeni dövlət proqramları qəbul edilir. Buna görə də istər yeli qeyri-hökumət təşkilatları, istərsə də beynəlxalq təşkilatlar bu istiqamədə görülən işlərə obyektiv qiymət verməlidirlər.”