Argentina Respublikasında Uşaq əməyinin davamlı olaraq aradan qaldırılması üzrə 4-cü Qlobal konfrans keçirilib

15 ноября 2017

Поделиться:

14 -16 noyabr 2017-ci il tarixlərində Argentina hökuməti və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Uşaq əməyinin davamlı olaraq aradan qaldırılması üzrə 4-cü Qlobal konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak edir.

Konransın ilk günündə Aparat rəhbəri “Hər kəs üçün təhsil” panelində iştirak edərək, Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə uşaqlarla bağlı həyata keçirilən sosial müdafiə və pulsuz təhsil imkanları, o cümlədən, ucqar bölgələrdə təhsilin keyfiyyət və əlçatanlığı barədə məlumat verib. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilən yeni məktəb layihələri diqqətə çatdırıb.

Bundan əlavə, Təhsil panelinin rəhbəri BBC-nin jurnalisti xanım Nomia İqbal ilə görüş keçirilərək ona Azərbaycan barədə məlumat verilib. Nomia İqbal BBC-nin London ofisində qadın və uşaqlarla bağlı ölkələrdən xüsusi reportajlar hazırlayır. Aparat rəhbəri C. Rəhmətullayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi zamanı qətlə yetirilən qadın və uşaqlar barədə informasiya verib və atəşkəs dövründə belə öldürülən dinc azərbaycanlı qadın və uşaqlar haqqında danışıb.

Qeyd edilib ki, 2018-ci ildə Azərbaycan qadınlarının Şərqdə ilk dəfə olaraq səsvermə hüququ qazanmasının 100 illiyi olacaq. Bu məqsədlə də reportaj hazırlamaq üçün BBC-i müxbirini Azərbaycana dəvət edib.

Nomia İqbal bildirib ki, Azərbaycan onun üçün maraqlı bir ölkədir və Azərbaycan dostluq münasibətlərini də vurğulayıb.

15 noyabr 2017-ci il tarixində Paraqvayın Sosial Müdafiə Nazirinin rəhbərlik etdiyi paneldə Azərbaycanda uşaqların sosial müdafiəsi və sosialyönümlü dövlət proqramları barədə məlumat verilib.

“Sosial müafiə” panelində Argentinanın Sosial Müdafiə Naziri xanım Karolina Staley Argentinada ana və uşaqların sosial müdafiəsi sahəsində atılan müsbət addımları və bu sahədəki irəliləyişləri qeyd edib.

Konfrans əsasən analıq məzuniyyətinin verilməsi məsələləri, ödənişli analıq məzuniyyətinin müddətinin artırılması və qeyri-formal sektorda özəl sektorda işləyən qadınların analıq məzuniyyəti məsələlərində olan problemlərin həllinə istiqamətlənib.

Konfransda erkən uşaqlıq dövrü üzrə milli inkişaf planı hazırlanıb və qəbul edilib. 

Konfrans çərçivəsində Aparat rəhbəri C.Rəhmətulayeva Argentina televiziyasına müsahibə verərək, konfrans barədə təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğalı və bunun nəticəsində öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkün qadın və uşaqların olduğunu qeyd edib. O, Azərbaycanın müharibə vəziyyətində olmasına baxmayaraq, ölkənin sosial-siyasət sahəsində irəliləyişlərin olduğunu bildirib.