Zaqatala və İsmayıllı rayonunda regional təlim-seminarlar keçirilib
Поделиться:
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı və Azərbaycan Respublikasında insan alverinə qarşı Milli Fəaliyyət Planının yerinə yetirilməsi, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi, həmçinin gender və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə yerlərdə qruplar yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu monitorinq qruplarının məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqinin aparılması ilə bağlı təlimatlandırılması məqsədilə iyulun 28-29-da Zaqatala və İsmayıllı rayonunda regional təlim-seminarlar keçirilib. Tədbirdə həmçinin ətraf rayonlardan-Şəki, Qax, Balakən, Oğuz və Qəbələ rayonundan olan monitorinq qrupları da iştirak ediblər.
Təlim seminarlarda Zaqatala və İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavinləri Vəfa Süleymanova və Sevil Əhmədova öz rayonları üzrə məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların möcud vəziyyəti haqqında məlumat veriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva və Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova “Məişət zorakılığı haqqında qanun”, məişət zorakılığı problemlərində sosial işin təşkili, riskli ailələrlə sosial iş, uşaqların yerləşdirilməsində qərar qəbul etmə, xüsusi qayğıya ehtiyacı olan uşaqların xidmətlərə yönəldilməsi, cinsi zorakılıq və digər məsələlərlə əlaqədar geniş məruzə ilə çıxış ediblər. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.