“Azərbaycan Respublikasında gender bərabərliyi və milli qanunvericilik” mövzusunda təlim keçirildi

18 октября 2017

Поделиться:

18 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində “Azərbaycan Respublikasında gender bərabərliyi və milli qanunvericilik” mövzusunda təlim keçirilib. İlk öncə təlim iştirakçıları “gender bərabərliyi” anlayışı və Birləşmiş Millətlər Təşkilatının əsasnaməsində (1945) və İnsan hüquqları haqqında ümumi Bəyannaməsində (1948 il), eləcə də Azərbaycan Respublikası Konstitusiyasında əks olunmuş gender bərabərliyi prinsipi barədə məlumatlandırılıb.

Daha sonra təlim iştirakçılarına 10 oktyabr 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu və onun məqsədləri barədə ətraflı məlumatlar verilib. 

Təlimin keçirilməsində məqsəd qadın hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında gender bərabərliyi üzrə maarifləndirmə işinin aparılması olub. Təlim iştirakçıları müzakirələr zamanı aktiv iştirak ediblər və bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər. Təlimdə “Gender bərabərliyi və milli qanunvericilik“ adlı buklet təlim iştirakçılarına paylanılıb.