“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Nərimanov rayonunda keçirilib

4 октября 2017

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilmişdir.

Layihənin Nərimanov rayonu üzrə açılış tədbiri 4 oktyabr 2017-ci il tarixində Nərimanov rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Nərimanov rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini
İradə Mahmudova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib. Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini qeyd edən İradə Mahmudova ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxış edən Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev “Ailə Akademiyası” layihəsinin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Nərimanov rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib. Aynur Sofiyeva çıxışı zamanı bildirdi ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. “Ailə Akademiyası” layihəsinin ictimai əsaslarla yaradıldığını qeyd edən Aynur Sofiyeva əsas hədəfin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. 

Sosial şəbəkələrin gənc nəsilə olan təsirləri barədə çıxış edən Aynur Sofiyeva layihənin bu istiqamətdə də faydalı olacağını və gənc nəslin sağlam ruhda yetişməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan söhbət açan Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır.

Çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini qeyd edərək,  gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin  aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

Məruzələr ətrafında din xadimi Adil Hüseynov, rayon üzrə fəal gənc Arzu Cəfərzadə, rayon ağsaqqalları adından Həmid Cəfərov, Şücəddin Abdullayev müxtəlif mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan bəhs ediblər.

Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Nərimanov rayon bələdiyyəsi  tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırlanan təlimə baxış keçirilib.

Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.