Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirildi

21 сентября 2017

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin növbəti görüşü 21 sentyabr 2017-ci il tarixində Hökumət Evinin Konfrans zalında keçirilib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, hazırda ölkədə mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir: “2014-cü ildə "İctimai iştirakçılıq haqqında" qanunun  qəbul edilməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu  möhtərəm Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib: "Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir".

Ölkə başçısının bu yöndə göstərişinə uyğun olaraq Komitə yanında da İctimai Şuraya seçkilər keçirildiyini bildirən Dövlət Komitəsinin sədri qeyd edib ki, 9 nəfər qeyri-hökumət təşkilatı Şuraya üzv seçilmişdir və burada ailə, qadın və uşaq hüquqlarının müdafiəsi üzrə səmərəli fəaliyyət göstərən, əhəmiyyətli layihələr icra edən QHT-lər toplaşıb. Müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Komitənin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayan Hicran Hüseynova İctimai Şuranın müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, qadın və uşaq hüquqlarının qorunması istiqamətində qərarların qəbulunda, işlərin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağını deyib və Dövlət Komitəsinin tədbirlər planı ilə tanış olmalarını, öz təkliflərini irəli sürmələrini bildirib.

Daha sonra İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatı sədrlərinə üzvlük vəsiqələri təqdim olunub.

Çıxış edən Şura üzvləri vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyinin nəzərə alınması baxımından İctimai Şuraların əhəmiyyətini qeyd ediblər. Onlar Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs ediblər. İctimai Şuranın üzvləri Dövlət Komitəsi tərəfindən qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində aparılan işlərdə İctimai Şuranın daha yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyini bildiriblər.   

Görüş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması və digər məsələlərlə bağlı təkliflərinin irəli sürülməsi ətrafında müzakirələrlə davam edib.