“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Sabunçu rayonunda keçiriləcək

20 сентября 2017

Поделиться:

Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar olaraq, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsi keçirilir.  

Layihə çərçivəsində keçirilən görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq,  hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə edir, öz fikir və təkliflərini birbaşa olaraq çatdıra bilirlər. Bələdiyyə orqanlarında keçirilən görüşlərin yerli sakinlərin iştirakı ilə il ərzində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində növbəti tədbir 21 sentyabr 2017-ci il tarixində saat 11:00-da Sabunçu rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Sabunçu rayon Gənclər evində keçiriləcəkdir. Tədbirin rəsmi açılış hissəsində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatın nümayişi, növbəti hissənin isə Bakıxanov qəsəbə bələdiyyəsində rayon icma nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.