Bakıda Azərbaycan qadınlarının III qurultayı keçirilib
Поделиться:
Sentyabrın 26-da Bakı İdman Sarayında Azərbaycan qadınlarının III qurultayı keçirilmişdir.
Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri qurultayı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açdı.
Azərbaycanın Dövlət himni səsləndirildi. Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı MEHRİBAN ƏLİYEVA qurultay nümayəndələrini və qonaqları təbrik etdi.
Ölkəmizdə səfərdə olan və qurultayın açılışında iştirak edən Misirin birinci xanımı Syuzan Mübarəki xüsusi salamlayan Mehriban Əliyeva əmin olduğunu bildirdi ki, qurultay səmərəli keçəcək və Azərbaycanın ictimai və siyasi həyatında mühüm hadisəyə çevriləcəkdir.
Mehriban xanım Əliyeva dedi ki, biz bu gün həyatımızın bir çox sahələrində qadınların əldə etdiyi uğurlarla haqlı olaraq fəxr edirik. Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunub saxlanmasında qadınların misilsiz xidməti olubdur. Azərbaycanda qadın, ana hər zaman uca, müqəddəs sayılıbdır. Azərbaycan qadınları övladlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ruhunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlayıblar. Azərbaycan qadını çox mürəkkəb, eyni zamanda, şərəfli yol keçibdir.
1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycan qadınlara seçmək və seçilmək hüququ verdi. Bu hüququ Azərbaycan qadınları bir çox Qərb ölkələrinin qadınlarından xeyli əvvəl qazandılar. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatını yaradan 51 ölkənin ancaq 30-da qadınlar kişilərlə eyni hüquqlara malik idi.
Bu faktın özü Azərbaycan cəmiyyətində qadının rolunun, demokratik dəyərlərinin qiymətləndirilməsinin göstəricisidir.
Sonrakı dövrdə Azərbaycan qadını ölkəmizin mədəniyyətinə, elminə, təhsilinə, səhiyyəsinə öz böyük və layıqli töhfələrini vermişdir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demək olar ki qadınların qarşısında daha geniş imkanlar açıldı. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə Azərbaycan 4 ildir ki, dünyanın lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün sahələrində müşahidə olunur və bu uğurlarda Azərbaycan qadınının böyük rolu, böyük payı var.
Mehriban xanım Əliyeva xalqımızın üzləşdiyi ağrılı problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayaraq dedi ki, Ermənistanın işğalçı siyasəti nəticəsində ölkəmizdə minlərlə insan həlak oldu, 1 milyon soydaşımız doğma yurdundan didərgin düşdü. Bütün bu faciələri, ədalətsizliyi, dəhşətli çətinlikləri yaşayan Azərbaycan qadını bu sınaqdan da alnıaçıq, üzüağ çıxdı. Mən üzümü Azərbaycanın bütün şəhid analarına, bacılarına, övladlarına tutaraq, onları əmin etmək istəyirəm ki, Vətən yolunda həyatını qurban verən heç bir Azərbaycan övladı unudulmayacaqdır. Onların adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və daim yaşayacaqdır.
Azərbaycanın birinci xanımı ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə haqq-ədalət bərpa olunacaq, torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq və bütün soydaşlarımız öz doğma torpaqlarına, doğma ocaqlarına qayıdacaqlar.
Mehriban Əliyeva daha sonra dedi ki, uğurlarla yanaşı, cəmiyyətimizdə hələ həllini tapmayan problemlər, məsələlər də var. Hesab edirəm ki, biz belə qurultayda bu məsələləri birgə müzakirə etməli və problemlərin həlli yolunu axtarmalıyıq. Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir. Azərbaycanda təhsil sahəsində son illər çox böyük işlər görülüb, ölkəmizdə 1300-dən çox yeni məktəb tikilibdir. Bütün məktəblər ən müasir avadanlıqla, kompyuterlə təmin olunub, internet şəbəkəsinə qoşulub, ali məktəblərin maddi-texniki bazası yenidən qurulur. Bizim yüzlərlə tələbəmiz dövlətin dəstəyi ilə dünyanın ən qabaqcıl universitetlərində təhsil alır. Bunlar hamısı bizi çox sevindirir. Çünki hər bir ölkənin ən böyük sərvəti intellektual potensialından ibarətdir.
Bununla yanaşı, bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə icazə vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə bu, dözülməz bir faktdır. Biz qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik.
İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Bu məktəblərdə, bu evlərdə yaşayan uşaqlar daim bizim diqqət mərkəzimizdədir. Mən özüm ölkəmizdə, demək olar, bütün internat məktəblərində və uşaq evlərində olmuşam və bu uşaqların bütün problemləri ilə çox yaxından tanışam. Bu gün məni narahat edən odur ki, son illər internat məktəblərində, uşaq evlərində uşaqların sayı artır. Araşdırmalar göstərir ki, bu uşaqların əksəriyyətinin valideynləri və ya heç olmasa, bir valideyni var. Hətta o qədər də ağır maddi vəziyyətdə olmayan bəzi ailələr də uşaqlarının ailədən kənarda, internatda tərbiyə olunmasını istəyirlər. Fikrimcə, bu, çox həyəcanlı bir faktdır. Çünki heç bir, hətta ən müasir, bütün tələblərə cavab verən internat, uşaq evi heç vaxt ailə mühitini, ailə tərbiyəsini əvəz edə bilməz. Axı, biz azərbaycanlılar üçün əsrlər boyu ailə, uşaqlar müqəddəs olubdur. Ona görə bu faktlar məni çox narahat edir.
Mən bu kürsüdən istifadə edərək, sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib, bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq.
Artıq 90 ildir ki, Azərbaycan qadını cəmiyyətimizin tamhüquqlu üzvüdür. Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını gerçəkləşdirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram.
Mehriban xanım çıxışının sonunda dedi: Mən bütün qurultay iştirakçılarını bu bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. Bütün Azərbaycan qadınlarına, Azərbaycan xanımlarına ailə səadəti, möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar arzulayıram. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, mən öz fəaliyyətimdə hər zaman sizin diqqət, qayğı və dəstəyinizi hiss edirəm. Buna görə mən sizə öz dərin minnətdarlığımı, hörmətimi və böyük məhəbbətimi çatdırıram.
X X X
Sonra qurultayın işçi orqanları – katiblik, mandat və redaksiya komissiyaları seçildi.
BMT-nin Əhali Fondunun İcraçı direktoru, BMT baş katibinin müavini xanım Toraya Əhməd Übeydin və Avropa Şurası baş katibinin müavini xanım Bukikkionun qurultaya ünvanlanmış videomüraciətləri oxundu, “Azərbaycanda dövlət qadın siyasəti” filmi nümayiş etdirildi.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri HİCRAN HÜSEYNOVA hesabat məruzəsi ilə çıxış etdi.
Komitənin sədri qurultay iştirakçılarına təbrik məktubuna görə Prezident İlham Əliyevə Azərbaycan qadınları adından səmimi minnətdarlığını bildirdi.
Hazırda ölkəmizdə əhalinin təxminən 51 faizini qadınların təşkil etdiyini xatırladan H.Hüseynova dedi ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanda qadın qurultayları da məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir.
Komitənin sədri vurğuladı ki, Azərbaycan qadınlarının ikinci qurultayından ötən müddətdə ölkəmizin həyatının bütün sahələrində çox mühüm dəyişikliklər baş vermişdir. Bu uğurlarda qadınların da mühüm xidmətinin olduğunu bildirən məruzəçi Azərbaycan cəmiyyətində qadınların rolunu və yerini səciyyələndirən konkret faktlar gətirdi. Eyni zamanda, Heydər Əliyev Fondunun və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğuladı.
Eyni zamanda, məruzəçi dedi ki, biz əldə olunmuş uğurlarla kifayətlənə bilmərik. Qadın problemlərinin həlli üçün peşəkar mütəxəssislərin bu prosesə cəlb edilməsi, qadınların hakimiyyətdə və idarəetmədə iştirak səviyyəsinin daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülməlidir. Bizim vəzifəmiz qadınlarımızın liderlik mövqeyinin möhkəmlənməsinə, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz potensialını tam reallaşdırmasına nail olmaqdan ibarətdir.
Komitənin sədri bildirdi ki, qurultay ərəfəsində bütün rayon və şəhərlərdə yerli qadın konfransları keçirilmişdir. Bu konfranslarda uğurlardan danışılmaqla yanaşı, həm də real həyatda üzləşdiyimiz bəzi problemlər geniş müzakirə olunmuşdur. Qurultay ərəfəsində ayrı-ayrı sahələr üzrə: sahibkar, hüquqşünas, yaradıcı, qeyri-hökumət təşkilatlarını təmsil edən qadınların da konfransları keçirilmiş, onların təklif və rəyləri öyrənilmişdir.
Bu gün bütün dünyada qadın problemləri sırasında məişət zorakılığı, qadın alveri, qadın hüquqlarının pozulması kimi hallar böyük aktuallıq kəsb edir. Təəssüf ki, bu kimi hallar, az miqyasda olsa da, ölkəmizdə də mövcuddur. Qarabağ münaqişəsinin təsiri, keçid dövrünün çətinlikləri cəmiyyətimizə xas olmayan bəzi mənfi halların meydana çıxmasına səbəb olmuşdur. Bu, daha çox insanların öz hüquqlarını bilməməsi və yeni bazar iqtisadiyyatına uyğunlaşmaqda çətinlik çəkməsi kimi hallardan yaranmışdır. Bizim vəzifəmiz bu vəziyyətlərdən adekvat çıxış yolu tapmaqda insanlara kömək göstərməkdən ibarətdir. Ona görə də dövlətimiz və hakimiyyət orqanları bu problemlərə diqqəti gücləndirmişlər. Bu sahədə görülən işlər Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin, bütün müvafiq dövlət strukturlarının diqqət mərkəzindədir.
Eyni zamanda, bu problemlərin həllində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar da fəal surətdə iştirak edirlər.
Hazırda ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Dövlət rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün etibarlı zəmin formalaşdırır. Bu baxımdan 2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir.
Komitənin sədri beynəlxalq əlaqələrə də toxundu. O dedi ki, beynəlxalq təşkilatlar, xüsusilə BMT-nin Əhali Fondu, YUNİSEF, YUNİFEM kimi ixtisaslaşdırılmış strukturların, Avropa Şurasının və digər təsisatların dəstəyi Komitəmizin bu sahədə çoxşaxəli fəaliyyətinin həyata keçirilməsində önəmli rol oynayır. Azərbaycan 2006-cı ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi proqramı çərçivəsində «Gender və iqtisadiyyat» üzrə layihə işçi qrupunun həmsədri seçilmişdir. 2010-cu ildə Avropa Şurasının qadınlarla kişilər arasında bərabərlik üzrə 7-ci Avropa Nazirlər Konfransının məhz Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi isə ölkəmiz üçün çox önəmli fakt kimi dəyərləndirilməlidir.
Heydər Əliyev Fondu, Dövlət Komitəsi və BMT-nin Əhali Fondu «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» layihə həyata keçirirlər.
Məruzəçi sonda dedi ki, Azərbaycan qadınlarının cəmiyyətdəki müasir mövqeyi onların bir çox nəsillərinin ardıcıl zəhmətinin nəticəsidir. Biz bu prosesi davam etdirməli, daha da irəli aparmalıyıq. Azərbaycan qadınının peşəkarlıq səviyyəsi, fəallıq dərəcəsi müasir dövrün irəli sürdüyü tələblərə cavab verməlidir. Bu isə məqsədyönlü fəaliyyət, kompleks tədbirlər proqramı tələb edir. Heç bir qadın bu prosesdən kənarda qalmamalıdır.
İnanırıq ki, bu qurultaydan sonra Azərbaycan qadınlarının fəallığı daha da artacaq, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksələcəkdir.
Hesabat məruzəsindən sonra Xətai rayonundakı 3 nömrəli internat məktəbinin və Müşfiq Əlil Uşaqlar Yardım İctimai Birliyi evinin uşaqları qurultay iştirakçılarını salamladılar, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Misirin birinci xanımı Syuzan Mübarəkə hədiyyələr təqdim etdilər.
Fasilədə qurultay iştirakçıları sarayın foyesində təşkil olunmuş sərgi ilə tanış oldular.
Fasilədən sonra bölgələrlə canlı videotelefon bağlantısı oldu, Mingəçevir, Gəncə, Tovuz, Kəlbəcər, Şəki, Xaçmaz, Lənkəran və Bərdə rayonları qadınlar təşkilatlarının nümayəndələri qurultay iştirakçılarını salamladılar, həmkarlarına uğurlar arzuladılar.
Mandat komissiyasının hesabatı dinlənildikdən sonra müzakirələr başlandı.
Müzakirələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “ÜNS” yaradıcılıq səhnəsinin rəhbəri, professor Nərgiz Paşayeva, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Naxçıvan Tibb Məktəbinin direktoru İlhamə Mustafayeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Amerika–Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və başqaları çıxış etdilər.
Çıxışlar başa çatdıqdan sonra “İrəli” Gənclər Hərəkatının nümayəndələri qurultay iştirakçılarını təbrik etdilər.
Qurultay nümayəndələri adından Azərbaycan Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər, eləcə də qurultayın qətnaməsi qəbul olundu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurultaya yekun vurdu.
Axırda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
Bununla da Azərbaycan qadınlarının III qurultayı başa çatdı.