22 iyul Milli Mətbuat Gününə həsr olunmuş “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçiriləcək
Поделиться:
22 iyul – Azərbaycanda Milli Mətbuatın yaranmasından 142 il ötür. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş vermişdir. Və bu gün də maarifçilik missiyası uğurla yerinə yetirilir. Bu tarixi gün müxtəlif dövlət qurumlarında, o cümlədən, respublikanın hər bir bölgəsində təntənə ilə qeyd olunur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 20-də saat 11:00-da Hökumət Evinin Konfrans zalında “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçiriləcək. Milli Mətbuat Günü münasibətilə keçiriləcək konfransda dövlət orqanlarının, mətbuatın və ictimaiyyətin görkəmli nümayəndələri, jurnalistlər iştirak edəcəkdir. Azərbaycanda kütləvi informasiya vasitələrində dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində çıxışlar dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı ASAN Radio ilə birgə keçirilmiş sorğunun nəticələrinə aid təqdimat nümayiş olunacaq.
Konfransın yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2017-ci ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlərin mükafatlandırılması nəzərdə tutulub.
Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.