The «Family Holiday» was held in Shamkir
Поделиться:
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə “Ailə Bayram”ı keçirilib.
Azərbaycanın müxtəlif rayonlarından 79 ailə bu günü keçirmək üçün Şəmkir rayonunda təşkil olunmuş tədbirdə iştirak edibdir. Ənənə halını almış bayramda müxtəlif nominasiyalar üzrə (“bacarıqlı əllər”, “milli mətbəx”, “yaradıcı əllər”, “ailə şəcərəsi”, “intellekt yarışması”, “idman yarışması”) 6 müsabiqə keçirilib, 7 guşə (“ənənələrimizi qoruyaq”, “sağlam ailə-sağlam gələcəyin təminatıdır”, “mütaliə edək, dünyagörüşümüzü artıraq”, yaşlı nəslin təcrübəsindən faydalanaq”, “əylənək-öyrənək”, “hüquqlarımızı bilək”, “ailəmizin müsbət psixoloji iqlimini qoruyaq”) təşkil olunub.
Bayram tədbirini giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkəmizdə ailələrin hərtərəfli inkişafına göstərilən qayğıdan danışaraq dövlət başçısı İlham Əliyevin “Güclü ailə-güclü dövlətdir” sitatını xatırladıb. O həmçinin bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ailə siyasətinin layiqincə yerinə yetirilməsinin göstəricisidir. Bundan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova əvvəlcə bütün tədbir iştirakçılarını salamlayaraq bu xoş gündə onları görməkdən şad olduğunu bildirib. Daha sonra dövlət ailə siyasətinin formalaşmasının Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını xüsusi vurğulayaraq bildirib ki, Ailə bayramının ölkəmizdə qeyd olunması artıq ənənə halına çevrilib. Hicran xanım Azərbaycanda 2 milyondan çox ailənin mövcudluğu haqqında məlumat verərək qeyd edib ki, dövlətin əsasını məhz güclü və sağlam ailələr təşkil edir. “Xüsusilə qeyd olunmalı məsələlərdən biri isə odur ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün, o cümlədən aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri artıq həll olunmuşdur” deyərək Hicran xanım möhtərəm Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən də söz açaraq çıxışına əlavə edib.
Tədbirdə ailələrlə bərabər qonaq qismində beynəlxalq təşkilatların nümayəndələri-BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi cənab Antonius Bernardus Broek, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Proqram Məsələləri üzrə mütəxəssisi xanım Leyla Fathi, Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Dragana Filipoviç, Belarusiya Səfirliyinin 3-cü katibi cənab Dmitriy Avsanskiy xanımı ilə, Türkiyə Səfirliyinin Gəncədəki Baş Konsulu cənab Orxan İşıq, İndoneziya səfiri xanımı ilə, Malayziya Səfirliyinin müşaviri Harris Alwi xanımı ilə birlikdə tədbirdə iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi cənab Antonius Bernardusu Komitə ilə sıx əməkdaşlığını yüksək qiymətləndirərək diplomla təltif edib.
Hər il olduğu kimi bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayiş olunub, Şəmkir rayon sakinləri olan Quliyev İslam və Məmmədova Şəbnəm adlı gənclərin nikahı rəsmiləşdirilib. Bayramın maraqlı məqamlarından biri də 12 uşağı olan çoxuşaqlı Abbasovlar ailəsi və 68 ildir ki, birlikdə ömür sürən və bu uzunömürlülüyü ilə də seçilən Bayramovlar ailəsi ilə tanışlıq olub. Onlar öz maraqlı həyat hekayələrini və təcrübələrini qonaqlarla bölüşüblər.
Tədbirdə müxtəlif nominasiyalar üzrə iştirak edən ailələrin sərgisi üçün guşələr təşkil olunub. Bayramda bölgələrin milli mətbəxini əks etdirən təamların, müxtəlif əl işlərinin hazırlanması, nümunəvi ailələrin diplom və fəxri fərmanlarının nümayişi baş tutub. Tədbirdə zamanı keçirilən müsabiqələrdə qalib ailələr müəyyən olunub və rəsmilər tərəfindən mükafatlandırılıblar. Belə ki, “əl işləri” nominasiyası üzrə təmsil olunan 17 ailədən qalib kimi Cəlilabad rayonundan olan Əmirovlar ailəsi, “milli mətbəx” üzrə 17 ailə arasından Zaqataladan Rəhimovlar, Gəncə şəhərindən Əliyevlər ailəsi, “yaradıcı əllər” nominasiyası üzrə iştirak edən 11 ailə içərisindən İsmayıllı rayonundan Nəbiyevlər və Ağdaşdan İskəndərovlar ailəsi, “ailə şəcərəsi” nominasiyası üzrə isə 30 ailədən qalib adını Laçın rayonundan olan Zeynalovlar ailəsi qazanıb. Bundan əlavə ailələrin intellektual biliklərini yoxlamaq məqsədilə seçilmiş 30 nümunəvi ailə arasında intellektual oyun müsabiqəsi keçirilib. Müsabiqədə Zərdab rayonundan Əhmədovlar, Yevlax şəhərindən Məmmədovlar ailəsi qalib kimi çıxıb.
Tədbirin daha əyləncəli, şən keçirilməsi üçün “Şəms” qrupunun təqdimatında nəğmələr səsləndirilib, həmçinin yaradıcı ailələrin nümayəndələri öz ifaları ilə tədbirə rəngarənglik qatıblar. Tədbirin sonunda həm qalib ailələr, həm də iştirak edən bütün digər ailələr qiymətli hədiyyələr, bayram geyimləri və diplomlarla təltif olunublar.
Qeyd edək ki, “Ailə Bayramı” bu günə kimi Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki və Abşeron rayonlarında keçirilmişdi.