“Sağlam ailə-sağlam cəmiyyət” mövzusunda beynəlxalq konfrans

14 мая 2015

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın  başçılıq etdiyi nümayəndə heyəti cari ilin 14-15 may tarixlərində Belarus Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin dəvəti ilə Minskdə keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Səfərin məqsədi hər iki ölkənin dövlət ailə siyasətinin həyata keçirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi olmuşdur.

Tədbir zamanı Komitənin sədr müavini S. Qəhrəmanova  “Dövlət ailə siyasətinin  inkişafının əsas istiqamətləri və müasir cəmiyyətin problemləri” mövzusu üzrə Azərbaycanda əldə olunan nailiyyətlərə dair geniş məzmunlu məruzə etmişdir.

Çıxışı zamanı S. Qəhrəmanova müvafiq sahədə ölkəmizdə görülən işlərdən, dövlət siyasətinin əsas prioritetlərindən olan ailə siyasəti sahəsində qanunvericilikdə edilmiş dəyişikliklərdən ətraflı məlumat vermişdir.

Nümayəndə heyətinin tərkibinə daxil olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin sosial təminat şöbəsinin müdiri Səbinə Cəfərova “Azərbaycanda ünvanlı sosial yardımın təşkili”  mövzusunda çıxış etmişdir.

Həmçinin səfər çərçivəsində  Komitənin sədr müavini S. Qəhrəmanova bir sıra  yüksək səviyyəli görüşlər – Belarus Respublikaının Əmək və Əhalinin Sosial müdafiəsi naziri Marianna Şyotkina, Belarus Respublikaının Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Aleksandr Rumak, Belarus Respublikaının Ədliyyə nazirinin müavini Alla Bodak, Belarus Respublikaının Ticarət nazirinin müavini İrina Narkeviç və “Belarus qadınlar cəmiyətinin” sədri Nadejda Yermakova ilə keçirmişdir.

Nümayəndə heyəti həmçinin Əlil üşaqlar üçün reabilitasiya mərkəzinin direktoru Lyudmila Kondraşova ilə görüşmüş və mərkəzin iş metodikası ilə yaxından tanış olmuşdur.

Bütövlükdə səfər ailə siyasətinin daha mükəmməl olması, qadınların ictimai siyasi fəallığının artırılması istiqamətində beynəlxalq təcrübəsinin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması baxımından səmərəli keçmişdir.