15 may Beynəlxalq Ailə Günü ərəfəsində Mərdəkan qəsəbəsində tədbir keçirilmişdir
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 1-dən 15-dək həyata keçirilən tədbirlər planında hər il olduğu kimi, bu il də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 8 may 2015-ci il tarixində Mərdəkan qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial müəssisədə sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə “Gələcək hamı üçün” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Komitənin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva, hüquqşünas qismində Komitənin Hüquqi-təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova, psixoloq qismində Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan müəssisənin rəhbəri Sevinc Məlikova Komitə tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən söz açmış, hər zaman bu cür dəyirmi masaların keçirilməsi üçün müəssisədə şərait yaradıla biləcəyini qeyd etmişdir. Daha sonra söz Komitənin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyevaya verilmişdir. K.Əliyeva öz növbəsində ilk öncə 8 may Şuşa rayonun işğal tarixi barədə qanlı yaddaşdan söhbət açmış, daha sonra tədbirin keçirilmə məqsədi barədə valideynlərə məlumat vermişdir. V.Möhsümova və S.Əliyeva sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, adaptasiyası, valideynlərin sosial və mənəvi vəzifələri haqqında, qanunvericilikdə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş öhdəliklər haqqında valideynlərə məlumat verdikdən sonra müzakirələr başlanmışdır. Müzakirələr sual-cavab, fikir mübadiləsi əsasında davam etdirilmiş, sonda valideynlərə Komitə tərəfindən hazırlanmış və çap olunmuş məlumatlandırma vəsaitləri paylanılmışdır.