Məktəblərdə maarifləndirmə layihəsi keçirilib

29 октября 2016

Поделиться:

Oktyabrın 29-da Zaqatala Uşaq və Ailələrə Dəstək  mərkəzi Zaqatala rayon Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi və ümumbəşəri dəyərlərin məktəblilərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirib. Tədbirdə Rayon Təhsil Şöbəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə nümayəndələri, liseyin müəllim və şagird heyəti iştirak ediblər. Tədbirdə çıxış edənlər müxtəlif fikirlər səsləndirərək geniş müzakirələr aparıblar.

Tədbirdə bildirilib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən əsas xüsusiyyətlərindən biri adət-ənənələri və yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. “Qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşan ümumbəşəri  dəyərlər sistemi hər bir millətin mədəni simasının göstəricisidir. Xalqımız özünün zəngin və qədim tolerantlıq mədəniyyəti ilə bəşər sivilizasiyasına əvəzsiz töhvələr verir. Radikalizm bütün zamanlarda və toplumlarda müxtəlif şəkillərdə təzahür edir. Diqqətlə nəzər salsaq görərik ki, radikallıq əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının düşüncəsindən, psixologiyasından və ya tərbiyəsindən qaynaqlanmaqdadır” kimi fikirlər diqqətə çatdırılıb.

Tədbirin sonunda şagirdlərin müxtəlif dini ideologiyalarla bağlı sualları cavablandırılıb.