Monitorinq qruplarının məişət zorakılığı ilə bağlı təlimatlandırılması məqsədilə seminar
Поделиться:
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı və Azərbaycan Respublikasında insan alverinə qarşı Milli Fəaliyyət Planının yerinə yetirilməsi, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi, həmçinin gender və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə yerlərdə qruplar yaradılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu monitorinq qruplarının məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqinin aparılması ilə bağlı təlimatlandırılması məqsədilə 29 iyul 2015-ci tarixində İsmayıllı rayonunda regional təlim-seminar keçirmişdir. Tədbirdə həmçinin ətraf rayonlardan- Oğuz və Qəbələ rayonundan olan monitorinq qrupları da iştirak etmişdir.
Təlim seminarda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva və Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova və digər məsul şəxslər çıxış edərək, “Məişət zorakılığı haqqında qanun”, məişət zorakılığı problemlərində sosial işin təşkili, riskli ailələrlə sosial iş, uşaqların yerləşdirilməsində qərar qəbul etmə, xüsusi qayğıya ehtiyacı olan uşaqların xidmətlərə yönəldilməsi, cinsi zorakılıq haqqında geniş məlumat vermişdirlər. Seminarda mövzu ətrafında müzakirələr aparılmışdır.