Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

5 июня 2017

Поделиться:

8 Mart-Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara  nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır. Ötən əsrin əvvəllərində qadınların bərabərhüquqlu olmaq uğrunda başladığı mübarizə qısa müddətdə bütün dünyaya yayılmış və bununla da qadınların beynəlxalq həmrəylik və mübarizəsinin başlanğıcı qoyulmuşdur. 1977-ci ildə BMT bu günü Beynəlxalq Qadın Günü kimi rəsmiləşdirmişdir.

Ulu Öndər Heydər Əliyevin apardığı dövlət qadın siyasətinin davamı olaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq qadınlara xüsusi diqqət, qayğı göstərir, onların əməyini yüksək səviyyədə qiymətləndirir.

Müasir Azərbaycan qadını öz soy-kökünə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq, tarixi keçmişini qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan vətəndaşdır. Dövlət müstəqilliyinin bərpasının 25 ili ərzində Azərbaycan qadını milli dövlət quruculuğunun fəal iştirakçısına çevrilmiş, ölkəmizin inkişafı üçün dəyərli töhfələr vermişlər. Ötən 25 il ərzində Azərbaycan qadını öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, şərəfli keçmişinə, vətənpərvərlik hissinə və əzminə arxalanaraq suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Qadınlar Günü Azərbaycanda da hər il sevinc hissi ilə qeyd olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində, saat 11.00-da “JW Marriott Absheron” Otelinin Şərq zalında 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir ənənəvi olaraq,  rəsmi və bədii hissədən ibarət olacaqdır.

Tədbirdən əvvəl qonaqlar saat 10.00-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın  məzarını ziyarət edəcəklər.

Daha sonra Azərbaycan qadınlarına  həsr olunmuş qısametrajlı film nümayiş olunacaqdır.

Rəsmi hissədə ölkə başçısının qadınlara təbrik məktubu səsləndiriləcək və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də  ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunacaqdır.

Hər il olduğu kimi bu il də dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  mükafatlandırılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan  olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə “İslam ölkələri qadınlarının inkişafı” adlı  fotomüsabiqə təşkil etmişdir. Foto müsabiqə 3 nominasiya – “Ana  obrazı”   “İdmançı  qadın”,  “Lider  qadınlar” üzrə keçirilmişdir. Tədbirdə qaliblər mükafatlandırılacaqdır.

Müsabiqədə Azərbaycan fotoqrafları ilə yanaşı İslam ölkələrini-Türkiyə, İndoneziya, Mərakeş, Əfqanıstan, Tacikistan, Qırğızıstanı təmsil edən fotoqraflar da iştirak etmişlər. Müsabiqənin davam etdiyi bir ay ərzində 150-yə yaxın fotoşəkil daxil olmuşdur. Müsabiqənin qaliblərini mükafatlandırmaq üçün 10 nəfərdən ibarət münsiflər heyətinin tərkibində peşəkar fotoqraflar da iştirak etmişdir.   

Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.