İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirici təlimlər keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.4-cü bəndinin (“Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi”) icrası məqsədilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 12-19 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, Bakı şəhəri Səbail və Suraxanı rayonunda yerləşən məktəblərin 8-11-ci sinif şagirdləri üçün maarifləndirici təlim keçiriləcəkdir.
Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin əməkdaşları təlimçi qismində iştirak edəcəkdir.
Təlim zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, onların sosial və hüquqi müdafiəsi, eyni zamanda narkomaniyanın zərərləri, insan alverinin qarşısının alınmasına dair tələbələr və şagirdlərə ətraflı məlumatlar çatdırılacaq, həmçinin, iştirakçılar insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndiriləcəkdir.
Sonda mövzu ətrafında uşaqlarla müzakirələr aparılacaq və iştirakçılara maarifləndirici çap materialları təqdim ediləcəkdir.