“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək

5 июня 2017

Поделиться:

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə  Şurasının  yaradılması” haqqında  Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2016 tarixli Fərmanı təsdiq olunmuşdur. Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn məsələlərlə bağlı müxtəlif səviyyəli görüşlər, tədbirlər keçirilmişdir.

Tədbirlərin davamı olaraq, 9 İyun 2017-ci il tarixində, saat 11:00-da “Holliday İnn”  mehmanxanasında BMT, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcəkdir.

Konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova və digər qonaqların çıxışları nəzərdə tutulur.

Konfransda millət vəkilləri, bir sıra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, orta və ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların əməkdaşları, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar iştirak edəcəkdir.